Müdafiə Nazirliyinin generalı həbs edildi -YENİLƏNİB-FOTO

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

HTML tutorial

Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

14:17

Müdafiə Nazirliyinin daha bir zabiti saxlanılıb.

Bu barədə Bakupost.az-a hərbi polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Hərbi ekspert həmin zabitin də “Tərtər işi” ilə bağlı saxlanıldığını güman edir:

“Bildiyimiz kimi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq qrupu bunu araşdırır. Generalın həbs olunması ilə bağlı açıqlama verməli idilər. Bəlkə də, istintaq qrupu açıqlamamağı məsləhət bilib. Aldığım məlumata görə, təkcə general deyil, başqa bir zabit də həbs olunub. Onun təhqiqatçı olduğu deyilir. Beyləqanda Müdafiə Nazirliyinin Təhqiqat Şöbəsinin zabiti olub”.

10:15

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA-nın məlumatına görə, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Gununsesi.info