Müdafiə Nazirliyinin sabiq idarə rəisi: “Tərtərə gedəndə dəhşətli mənzərənin şahidi oldum”

  • By admin
  • 07 İyul 2023 12:45

Dünən “Tərtər işi” çərçivəsində hərbçilərimizə işgəncə verməkdə ittiham olunan daha bir qrup şəxsin məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, məhkəmədə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin keçmiş rəisi Rauf Kişiyev iştirak edib. O, ifadəsində bir sıra sensasion fikirlər səsləndirib.

Sabiq idarə rəisi deyib ki, nazirlikdə çalışanda tədqiqatçılar onlara tabe olsa da o, cinayət hadisələrini araşdırmaq səlahiyyətinə malik olmayıb: “Bir gün  Nəcməddin Sadıkov göstəriş verdi ki, ermənilərə xidmət edən qüvvələr var və onları  araşdırım.  Mən oraya  bir neçə tədqiqatçı göndərdim. Dəhşətli məlumatlar alanda özüm Tərtərə yollandım.

Baş Prokurorluğun birinci müavini Rüstəm Usubov, Hərbi Prokuror  Xanlar Vəliyev və digərləri də orda idi. Dəfələrlə qeyd etdim ki, belə hallar xoşagəlməzdir. Biz araşdırma edib, verməliyik. Biz ilkin araşdırma aparırıq. İlkin işləri yığıb, izahatları Baş Prokurorluğa göndərdik. Lakin qarşı tərəf bizə düzgün araşdırma etmediyimizi bildirərək, göndərdiyimiz izahatları geri qaytardı.
Mən işgəncələrlə bağlı üzərimə düşəni etmişəm. Dəfələrlə Xanlar Vəliyevə, Nəcməddin Sadıkova müracit etdim. Hər dəfə də “niyə insanları məhv edirsiniz” deyə soruşanda sərt cavablar almışam”.

Hakimin ” bu mənzərəni görəndən sonra hansı addımı atdınız” sualına Rauf Kişiyev belə cavab verib: “Mən istintaq  orqanı  deyiləm. Ortada dəhşətli cinayətlər vardı. Bu artıq daha səlahiyyətli orqanın işidir. Ancaq mənim müraciətlərim ciddiyə alınmadı”. 

 

Elmar Elnuroğlu

Gununsesi.info