Müsahibim şair, “Ulduz jurnalı”-nın baş redaktoru Qulu Ağsəsdir.
Qəribədir ki, ədəbiyyat cameəsində Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, sədri, katibləri xeyli tənqid olunsa da, nədənsə, bu tənqidlər Qulu Ağsəsdən yan keçir.
Bəs həm də buna səbəb nədir?
Qulu Ağsəslə bu müsahibədə ədəbiyyatdan və ədəbiyyatətrafı məsələlərdən danışmışıq.
Gununsesi.info müsahibəni təqdim edir:
– Qulu müəllim, illərdir, bir ədəbiyyat dərgisinin, “Ulduz jurnalı”nın baş redaktorusunuz. Sizcə, “Ulduz” jurnalı bu gün Azərbaycan ədəbi mühitində hansısa funksiyanı daşıyırmı?
– Gəlin, konkret olaraq 2024-cü il üçün danışaq, deyim. Əvvəla, bu il Yeni nəsil poeziya, proza, ədəbi tənqid-hər üçünün təqdimatını etdik və bunların hər biri gənclərə tapşırıldı. Daha dəqiq, nəsr Furqana, poeziya Ramil Əhmədə, ədəbi tənqid isə Elnarə Qaragözovaya. Burada bir məsələ də bəlli oldu ki, sən demə, 35 yaşa qədər olan ədəbi tənqidçimiz yoxdur. Elə ümumi götürsək də, ədəbi tənqidçilərin olmaması bu gün ədəbiyyatımızın problemidir. Daha sonra biz ilk dəfə olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə “Məişət zorakılığına yox deyək” adlı layihə həyata keçirdik və qalibləri mükafatlandırdıq. Ümumi götürsək, “Ulduz jurnalı” bu il ancaq gənclərin platforması oldu. Xalq yazıçısı Anarın da 85 illiyinə həsr olunmuş nəsr müsabiqəsi də keçirildi. Bundan başqa, unudulmaz şair, mənim də əziz dostum Vaqif Səmədoğlunun yubileyi idi və onun da şərəfinə müsabiqə keçirildi, qaliblər yenə mükafatlandırıldı. Bilirik ki, Qarabağ işğaldan azad olunandan sonra ölkənin diqqəti Qərbi Azərbaycana yönəldi. APİ-nin prorektoru, professor Mahirə Nağıqızı ilə danışdıq, onun redaktorluğu ilə Qərbi Azərbaycanın ən elitar qələm adamları ilə danışıqlar apardıq, təkcə bədii materiallar yox, həm də etnoqrafik materiallar yayımlandı. Naxçıvanda da Qərbi Azərbaycana həsr olunmuş tədbir keçirildi.
– Xarici ölkələrə necə, nüfuz edə bilirsiniz heç?
– Bəli, etmişik. Burada da bir ilkə imza atdıq. Ankarada çıxan “Gənc ürəklər” dərgisi ilə yazışdıq. Onlar bizim dərgini Ankarada görüb bəyənmişdilər. Beləcə, əməkdaşlığa keçdik. Bu qənaətə gəldik ki, bizim bir nömrə orada, onların da bir nömrəsi burada çıxsın. Amma bir detal var. Əvvəlcə fikirləşdik ki, bəlkə türklər istəyər ki, Azərbaycan Türkcəsində çap olunsunlar. Amma dedilər, burada bəzi adamlar çox zaman bir-birimizi anlamadığımızı deyir. Məhz buna görə olduğu kimi çap olunsun ki, anlaşılmaz nəyinsə olmadığı müəyyən olsun. Haşiyə çıxım, bayaq yarımçıq qaldı. Prezidentin sərəncamı ilə dahi Azərbaycan şairi Füzulinin 530 illik yubileyi idi. Biz il boyu bu barədə yazı verməkdik. Bizi buna görə əvvəlcə qınadılar.
– Əvəzində nə etdiniz ki?
– AMEA-nın əməkdaşı, filologiya elmlər doktoru Pərvanə Bəkirqızı ilə danışdıq, qərara gəldik ki, hamı çağdaş müəlliflərin yazılarını verib, amma biz klassiklərə, arxivə müraciət edək. Mirzə Cəlildən, Əkrəm Cəfərdən, Bəxtiyar Vahabzadədən, Zəlimxan Yaqubdan, Firudin bəy Köçərlidən, Məsud Əlioğludan, bir sözlə, uzun bir siyahıdır. Sağ olsun klassiklər, sözümüzü yerə salmadılar. Əlavə olaraq “Xalq qəzeti” ilə iki layihəyə də imza atdıq. Biri mənim aparıcılığımla olan “Ayrı söhbət” proqramıdır, artıq iki nömrəmiz çıxıb. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Hidayət Orucov ilə “Xalq qəzeti”nin kitabxanasında çəkiliş etdik və Xalq artisti, professor Arif Babayevlə də çəkilişimiz oldu. Burada bir məsələ var ki, ancaq maraqlı adamlar olacaq. Daha dəqiq, təkcə ədəbiyyat adamları ilə olmayacaq. Məsələn, növbəti çəkiliş futbolla bağlı olacaq. Üstəlik, bütün bunlar həm televiziyada, həm qəzetdə, həm də jurnalda gedəcək. Digər layihə isə “Ulduzlu görüşlər”-dir. Əflatun Amaşovla danışdıq, onlar da bizə informasiya dəstəyidir. İlk olaraq ADPU-ya getdik. Daha böyük planlarımız da var. Sağlıq olsun, növbəti ildə də onu edəcəyik. Məsələn, böyük bir şeir tədbiri keçirmək, sponsor tapmaq məsələləri. Belə deyim, görüşə gələn hər qonağa çıxanda heç olmasa, minimum 100 manat qonorar veriləcək.
– Qonorar yaralı yerdir…
– Hə, elə olmalıdır da. Qonorar stimuldur. Vallah, pulsuz gedib haradasa danışan yazıçı-şairə avara adam kimi baxırlar. Deyirlər, elə bu da işsiz-gücsüz bekara adamdı. Bizlərə ancaq sponsorlar lazımdı indiki məqamda. Fikrim var bu barədə də. Gələn il üçün müraciət edəcəm dostlarıma.
– Söhbət biznesmenlərdən gedir?
– Əlbəttə, sizdən getməyəcək ki. Bizdə pul var?
– Yox, yəni sırf biznes adamları, ya məsələn, şeir yazan deputatlar?
– Bunların heç birinin “Ulduz”-un büdcəsinə dəxli yoxdu. Hamısı dostlarımın hesabınadır. Sırf biznesmen dostlara deyirəm.
– Belə başa düşdüm ki, sizin ölkədə jurnal, qəzet, bir sözlə, ədəbiyyat məsələlərində narazılığınız yoxdur, işlər görürsünüz, kifayət edir…
– Mənim narazılıq edə bilmək limitim 2014-cü ilə qədər idi. Hansı ki, baş redaktor müavini idim. İndi baş redaktor kimi narazılıq etməyim gülməli olar. Mənim işim nə çatmırsa, onu tapıb yerinə qoymaqdır, deyinmək yox. İnsanlar iş görməlidir, bizlərində iş göstərmək zamanıdır. Biz narazılıq edən tərəf olmamalıyıq, başqaları narazılıq edəndə nəticə çıxartmalıyıq. Yoxsa ki, guya problemlərimiz yoxdur?
– Nə probleminiz var?
– İllərdir ki, çap pulumuz atmır. Bunu da dəfələrlə rəhbərliyə bildirmişəm. Birdən birə abunəm artsa, min abuna olsa, nə edəcəm? 200 abunə olanda çəkinirəm artıq. Çoxuna qıraqdan sadə görünür.
– Maaşlarınız necə?
– Çox azdır. Minimal dərəcədədir. Yanvardan bir çoxunun maşşı qalxıb hələ 400 manat olmalıdır. Amma yenə də narazılıqları sırf mənim deməyim doğru deyil. Mən bu narazılıqları həll etməli olan adamam. Burada bilirsiniz necə olmalıdır? Mən müəlliflərin çap hüquqlarını almalıyam, sifariş verməliyəm. Amma bu gün bunu edə bilmirəm axı. Çap məhsulları durmadan artır, çap pulu yerində qalır.
– Yaxşı, indi günah AYB-dədir, ya dövlətdə?
– Biz vaxtı ilə pulu AYB-dən alırdıq, vahid büdcə idi. Daha sonra bizim orqanların pulunu verdilər KİV-ə Dövlət Dəstəyi Fonduna. Ondan sonra da səsimiz batdı. Çünki onlar bizi mətbuat kimi görmür. Adicə Mətbuat Günündə sadə bir mesaj da yazmırlar. Lakin bir də görürsən, heç kimə məlum olmayan saytlar yuxarı başdadır, sonra da onları reket kimi cəzalandırılırlar. Bəs bunu nəyə çağırmışdınız? Bizə deyirlər, sizi elə belə bizə qoşublar, nə varsa, AYB-dən alın.
– Bu qədər açıq?
– Bəli. Məndən olsa, bizə ayrılan pulu qaytarıb AYB-yə versinlər. Özümüzdə olanda daha çox imkanımız ola bilər.
– AYB və səlahiyyətli şəxslər tənqid olurnur, sizin adınız çəkilmir. Hamıyla münasibəti qəsdən yaxşı etmirsiniz ki?
– Mən bununla razılaşmıram. Sonuncu dəfə saytda gedən müsahibəmə 400 dislayk gəlmişdi. Səhifələrimizə də nə qədər sözlər yazırlar. Amma mən onları ictimailəşdirmirəm. Üstəlik, hər müsabiqədən sonra mənim əleyhimə nələr yazırlar.
– Oxucular?
– Daha çox müəlliflər. Kim yer tutmur, deyir, ədalətsiz keçirildi. Hamı elə bilir ki, birinci yer bu idi. Vaqif Səmədoğluya həsr olunan müsabiqədən imtina edən belə oldu. O cümlədən digər müsabiqələrdə də. Amma olsun da. Kim istəyir, tənqid yazsın, biz də verək. Lakin təhqir olmamalıdır.
– Tənqid deyəndə, məsələn, kimsə Anarı tənqid eləsə, onu “Ulduz jurnalı”nda verə bilərsiniz ki?
– Anar haqqında “Ulduz jurnalı”nda tərif yazısı belə getmir.
– Səbəb?
– Demişdi ki, başqa yaşlı yazıçılara yox demək üçün məni də vermə. İndi o yazıçılara deyirəm ki, Anarın da yazısını vermirəm, deyirlər, o, özü bilər. (gülür) Əvvəllər birinci səhifəni tənqidlə açırdıq. Məsələn, ekspertlər var idi, onlar çap olunan materialları tənqid edirdi. Mən də, kollektiv də, yazı da tənqid olunurdu. Bir dəfə İradə Musayeva hamını tənqid eləmişdi. Vaqif Bəhmənli ömründə heç kimi tənqid eləməmişdi ki, məni elədi. Hərənin istiqaməti başqa idi. Biri deyirdi, filan yazı filan yazıdan sonra getməli idi, Varisin hekayəsində niyə ondan çox adam adı var? Mən nə bilim niyə var?
– Bəs niyə dayandı tənqid ənənəsi?
– Niyə dayanacaq? Yazı göndərmədilər də. Dedilər, yazı bu nömrə gedir, o bir nömrə tənqid olunur. Hamı küsdü. (Gülür)
– Qulu müəllim, qəribədir, siz ədəbi mühitdə də görünmürsünüz. Məsələn, sərgilərdə iştirak etmirsiniz, kitablarınızı əlinizdə görmək olmur.
– Elmlər Akademiyasında olan sərgidə iştirak etdim. Adamlar gəldi, danışdıq, görüşdük, gözəl keçdi. Amma yox, siz dayanıb kitabımı özümü satmağı da nəzərdə tutursunuzsa, o, mənlik deyil. Bu cür satanlara heç nə demirəm, dostlarımızdır. Amma kitabı məncə, yazıçı özü satmamalıdır. Bunu nəşriyyat özü etməlidir, mən, digər dostlar yox. Ha deyirik, xeyri yoxdur. Ona görə də lap əvvəldən mənlik deyil belə şeylər. Üstəlik, ədəbi mühit deyəndə çoxu ayrı şey başa düşür. Mən elə hər gün ədəbi mühitin içindəyəm, ədəbiyyat mühitini yaradan adamlardanam. Söz yox, hər dəqiqə hər yerdə olmaq da olmur. Az görünməyə gəlincə, nə edim? Gedib kiminsə kitabını alıb şəkil çəkdirim ki, sənin kitabını aldım? Azərbaycan kişisi bir yemək yeyəndə şəkil çəkdirməz, bir də kitab oxuyanda. Kitab oxuyan yazıçı niyə bunu bəyan eləyəcək şəkil çəkdirməlidir? Vallah, şeir yazanda şəkil çəkdirən var?
– İndi kimsə çörək yeyib xatirə şəkli çəkdirə bilməz?
– Yox e, məsələ o deyil. Arağ içir, şəkil çəkir. Qardaş, sizdən başqa çörək yeyən yoxdur? Belə xatirə olar? Ümumiyyətlə, bu qədər xatirə olar? Heç biri də ölmür.(gülür) Xanım Aydın müsahibə alırdı məndən, dedi, arzunuz nədir? Dedim, Realın qapısına top vurum, amma qapçı olmasın, çünki tutar. Ciddi deyirəm. Bu vaxtdan sonra nə arzu? Uşaq zadam? Mən yenə deyirəm, mənim iş görüb, o işin də hesabatını verən vaxtımdır.
– Qulu müəllim, adətən, şairlərin ilk şeirləri ataya, anaya, vətənə, sevgiyə olur. Sizin ilk şeirinizin Leninə olmasına görə təəssüf etmirsiniz ki?
– Qətiyyən. Amma ilk şeiri Leninə yox, Moskvaya yazmışam. Sadəcə, ilk çap olunan şeirim Leninə yazdığım şeir olub. Bir dəftər şeirimi aparmışdılar. Hər cür mövzuda var idi, seçib onu veriblər.
– Tarixçəsi necədi?
– Böyük qardaşım Etibar ilə domino oynayırdıq. Necəsə demişdim ki, uduzan şeir yazsın.
– Doğrudan deyirsiniz?
– Vallah, hə. Uduzdum, dedi, yaz. Sonra səs-soraq yayıldı, o vaxt təəccüblə qarşılanırdı. Başladım dominonu qoydum qarşıma, xəyalən oynadım, uduzdum, yazdım. (Gülür). Uşaq idim də, səkkiz-doqquz yaşım var idi.
– İndi nədir sizin üçün poeziya?
– Sovet ədəbiyyatı ilə bağlı nə qədər memuar zad oxuyuruq da xatirə adına. Konkret biabırçılıqdır, vallah. Biri deyir, qonorar aldım, getdim ev aldım, maşın aldım. Belə xatirə olar? Baxanda görürsən ki, onlar elə şeiri də plana düşmək üçün yazıb.
– Konyuktur məsələlər…
– Bəli. Poeziya o imiş onlarçün. Mənim üçün ən yeni tapılan söz ən çoxdan unudulan sözdür. Poeziya təbiət hadisədir mənim üçün. Hələ bir də görürsən, biri deyir ki, içdim şeir yazdım. İçib şeir yazarlar? İçəndən sonra zarafat edərlər, əylənərlər, maksimum yatarlar. Şeir nədi? Ya da deyir, şənbə-bazar bağa çəkilib şeir yazdlm. Qardaş, bağa gedib ağaclara qulluq edərlər. Mənə görə qələm adamı yazı manerasını ümumiyyətlə, bölüşməmələidir. Bu, məhrəm məsələdir.
– Niyə özünüzü nəsr də sınamırsınız?
– Mənim nəsrim var, amma çap etmirəm. Belə xırda-xırda olub, amma ümumən şeir bəs edir. Bir dəfə yazmışdım ki, Xalq şairləri niyə nəsr yazır? Təzədən Xalq yazıçısı adı almaq istəyirlər? (Gülür). Bir şeydə mükəmməlsənsə, bəsdir də. Onsuz da, bir insan ömrü bir şeirə bəs etmir e. Demirəm, ola bilər ki, gələcəkdə nəsə olsun. Şeir tamamilə başqa məsələdir. Bir söz deyim, bir dəfə bir verilişdə əyalət və ədəbiyyat haqqında soruşdular. Dedim, mən şair tanıyıram ki, Tarqovuda evi var, yaza bilmir, amma Musa Yaqub Buynuzda olurdu. İndi Musa Yaquba əyalət şairi deyək, buna şəhər şairi? Musa Yaqub sözün Tarqovusunda yaşayır, bu da Buynuzunda. Problem sözdən neçə kilometr uzaq olmaqdır. Şuşa alınanda hamı getdi ora. Yevlaxda oxuya bilməyən adam getdi orda da pis oxudu. Şuşadan müqəddəs yer?
– Amma sizin üçün yəqin Ağdamdı ən müqəddəs yer…
– Məndən soruşandakı Abdalgülablı kimin kəndidir? Bilirəm də nəyi almaq istəyirlər. Bir verilişdə dedim, üç dənə rəqəm deyəcəm. 1722, 1880, 1944. Nə deməkdi? Dedim, biri sazın tarixi sayıla bilər, biri tarın, o biri gitaranın. 1722-ci ildə Aşıq Valeh doğulub, 1880-də Qurban Pirimov, 1944-də də Rəmiş. “Qaşların qəddini əydi, nə dedim xətrinə dəydi?” 100 ildi oğurlayırlar, amma Aşıq Valehin şeiridir. Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov, ilk Opera ifaçısı Qurban Pirimov, gitarada da Rəmiş ilk Xalq artisti. Amma kəndim mənim üçün, əlbəttə, məşhur adamlarla assosasiya olunmur. Atamın adı ilə olur. Ən yaxşı kişi, ən məşhur kişi atamdı. Uşaqlara da deyirəm ki, soruşsalar, sizin valideyninizdən yaxşı adam yoxdu.
– Anarı müdafiə edəndə AYB-çilər deyirlər ki, o olmasa, AYB-də olmaz, Anar müəllim ordadır deyə AYB-də var. Siz də bu fikirdəsiniz?
– Bu sözü deyən adamlar 90-cı illərin əvvəllərini görənlərdir. Mən də o adamlardan biriyəm. Yaxşı xatirimdədir, o vaxt Ələkbər Salahzadə məni dəvət elədi, dedi, gəl, səni Şöbə müdiri götürüm. Bir ay gəlib getdim, iclas elədik, hər gün oturduq, yedik-içdik, jurnal çıxmadı. Elə kartof idi, yumurta idi, arağ idi. Bir aydan sonra mədəm işdən çıxdı, getmədim. O dövrdə həqiqətən də Anar Yazıçılar Birliyini məhz öz nüfuzu hesabına saxladı. Çünki ləğv etmək istəyirdilər. Maraqlı bir şey deyim, bu gün ölkədə iki yer tənqid olunur. Onun birini nə qədər axtarıram tapa bilmirəm, amma biri Yazıçılar Birliyidir. Heç bir nazirliyə heç kimin dişi batmır, tənqid deyəndə biz yada düşürük. Müdirlərinin katibələrindən qorxanlar da Yazıçılar Birliyinə hücum edir. İllik bilirsiniz ki, nə qədər adam təqaüd alır. Ev də verildi.
– Bəs düşünürsünüz ki, bunlar layiq olmayan adamlara da verilir?
– Mən kimi layiq bilmişəmsə, demişəm, veriblər. Layiq olmayan adamları verənlər bu suala cavab versə, daha yaxşı olar. Mən adicə keçirdiyim müsabiqələrdə heç vaxt üzünü görmədiyim adamlar qalib olub. Evin kimə layiq olub-olmadığını bilmərəm. Ümumiyyətlə, o işlərlə maraqlanmıram. Konkret işim var mənim. Bir dəfə tədbirdə bir general mülki formada yaxınlaşdı, görüşdük, dedi, sualım var. Nə desə yaxşıdır? Dedi, o Elzanı niyə qəbul eləmisiniz bura? Heç bilmədim ki, nə deyim. Dedim, siz ümumiyyətlə, niyə Elzanı tanıyırsınız? General adamsınız. Bu dəqiqə kim bilir digər qurumlara kim qəbul olunur, kim yox? Anar müəllim o vaxt Yazıçılar Birliyini Ümumimilli liderlə şəxsən münasibəti olduğuna görə də xilas edə bilmişdi. Heydər Əliyevə Anara da, Fikrət Qocaya da, Qabilə də rəğbət bəsləyirdi. Problemləri dilə gətirdilər, dedilər, jurnallar çıxmır, dərhal göstəriş verildi. Məhz buna görə də AYB Anara görə var fikir yaşayır.
– Xalq şairi adınızı gözləyirsiniz siz də?
– Vallah, bir çox adam demişdi ki, Xalq şairi olmaq istəmirəm, amma sonra oldular.
– Ramiz Rövşənə söz atırsınız?
– Yox, əstəfurullah. Heç kimə söz atmaq niyyətim yoxdur. Ümumən deyirəm. Deyirdilər ki, hətta bu adlar lazım deyil. Dövlət nəsə verirsə, bu, həm də nüfuzunu, oxucunu artırır. Bu öz yerində. Amma Xalq şairi adındansa, qonorarların artırılmasını istəyərdim. Onsuz da, bu ad çox yerdə yoxdur. Adam da var, fəxri adlar ala bilmir deyə xəstə düşüb. Gələcəyi bilmək olmaz. Ümumi götürəndə isə mənim heç vaxt xəyalımda belə şeirdə, ədəbiyyatda pul olmayıb. Əvvəldən də bilirdim ki, bu sahədə pul yoxdur.
– Anar deyib ki, daha sədr olmayacam. Siz özünüz sədr olmaq istəyərsiniz?
– Əlbəttə ki, istəmərəm. Çünki mən oranı idarə edə bilmərəm. Heç vaxt belə fikrim olmayıb. O qədər adamı idarə etmək asan iş deyil. İkinci məsələ isə orada illərini daha çox vermiş adamlar var. Özüm də indi bilmirəm kimə səs verəcəm. Bilmək olmur axı kim namizədliyini verəcək.
-Konkret deyək, Anar müəllim yazıçı kimi daha yaxşıdır, yoxsa sədr?
– Sözsüz ki, mənim üçün ilk növbədə yaxşı yazıçıdır. Kəndə olanda Bakıya gəlirdim. Buranı yazıçı-şairlərlə tanımışam. Məsələn, Qaraçuxurdam 76 gələcəkdi Səməd Vurğunun yanına. Oradan da Cəfər Cabbarlının yanına. Belə-belə artırdı. Füzulinin, Nəsiminin. Elə bu adamlardan biri də Anar idi…
Orxan Saffari