“Muğan Bank”da olan əmək haqqı kartlarındakı pullar qaytarılacaqmı? – AÇIQLAMA

  • By admin
  • 27 Oktyabr 2023 11:44

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank”da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir.

Milli Məclisin deputatı Vüqar Bayramov Gununsesi.info-ya bildirib ki, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir. “Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir: “Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”.

Gununsesi.info