Mühacirədəki bankirdən Qazaxıstan iğtişaşları ilə bağlı AÇIQLAMA

  • By admin
  • 17 Yanvar 2022 10:47

Fransada mühacirətdə yaşayan qazax bankir Muxtar Ablyazov Qazaxıstandakı kütləvi iğtişaşları maliyyələşdirmədiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, Muxtar Ablyazov RİA Novosti-yə müsahibəsində etirazları maliyyələşdirib-maliyyələşdirmədiyi ilə bağlı birbaşa suala “xeyr” cavabını verib.

“Təsəvvür edin: kimsə pulla dolaşır və hansısa anlaşılmaz adamların qapısını döyür və deyir: icazə verin sizə pul verim… Bu pulu necə bölüşdürmək olar?”,- Ablyazov bildirib.

Onun sözlərinə görə, bu mümkün deyil.

Qaçaq bankir onu da iddia edir ki, o, yanvarın 2-də qazın bahalaşması ilə bağlı ilk etiraz aksiyalarında iştirak etməyib, lakin hakimiyyət artıq hökumətin tələblərini yerinə yetirdiyi halda, yanvarın 3-4-də aksiyanı genişləndirməyə çağırıb.

M.Ablyazovun çıxışlarından sonra etiraz aksiyaları iğtişaşlara çevrilib, üsyançılar hüquq-mühafizə orqanlarının silah arsenallarına hücum edib, insanların ölümü və talan olub.

M.Ablyazov özü uzun illərdir xaricdə yaşayır. Qazaxıstanda məhkəmə onu cinayətkar birlik yaratmaqda və BTA Bankın vəsaitlərini mənimsəməkdə təqsirli bilib, dəymiş ziyan 7,5 milyard dolları ötüb.

Ablyazovun rəhbərlik etdiyi qeydiyyatdan keçməmiş “Qazaxıstanın Demokratik Seçimi” hərəkatı ölkədə ekstremist təşkilat kimi tanınır. Bundan əlavə, BTA Bankın keçmiş rəhbəri 2004-cü ildə biznes ortağı Yerjan Tatişevin qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2019-cu ildə yüzlərlə insanın saxlandığı prezident seçkiləri günü böyük etirazların təşəbbüskarı olub.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb – ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Qiymətlər aşağı salınıb, lakin Ablyazovun xaricdən çağırışlarından sonra etirazlar davam edib və digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıda yayılıb.
Bundan sonra hakimiyyət bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb.

Yanvarın 5-də səhər saatlarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və Təhlükəsizlik Şurasına rəhbərlik edib. Onun rəhbərliyi altında keçirilən Təhlükəsizlik Şurasının ilk iclasında Tokayev Qazaxıstandakı vəziyyəti dövlətin bütövlüyünə zərbə vurmaq kimi qiymətləndirib və “terror təhlükəsinin aradan qaldırılmasında” KTMT-dən kömək istədiyini bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Cümə axşamı, yanvarın 13-də KTMT-nin missiyasının uğurla başa çatdığı, sülhməramlıların Qazaxıstandan qayıtdığı elan edilib.

Gununsesi.info