Mühacirlər geri dönmək istəmirlər - SƏBƏB

  • By admin
  • 30 İyun 2016 13:16

muhacir

 

Prezident İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamı ilə 137 nəfər azad edilib. Əfv sərəncamı Anar Məmmədli, Rəsul Cəfərov, Nemət Pənahlı, Tofiq Yaqublu, Rəşadət Axundov, Yadigar Sadıqov, Pərviz Həşimli, Sirac Kərimli, Məmməd Əzizov, Ömər Məmmədov, Rəşad Həsənov kimi adları beynəlxalq təşkilatların hesabatlarına daxil edilmiş siyasi məhbuslara da şamil edildi. Bundan başqa Prezident Administrasiyasının işlər idarəsinin sabiq rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədovun da adları əfv siyahısında yer almışdı.

Əfvə düşməsi gözlənilən bəzi siyasi məhbuslar həbsdə saxlanılsa da, ancaq müxtəlif partiya rəhbərləri, siyasətçilər bu addımı hakimiyyətin yumşalması kimi qələmə verdi. Beynəlxalq təşkilatlar da Azərbaycan hökumətinin bu addımını təqdirəlayiq hal hesab etdilər.

 

Əlövsət-Əliyev

 

Gununsesi.info-nun əməkdaşı hazırda siyasi fəaliyyətinə görə mühacir həyatı yaşayanlara “İqtidar-müxalifət münasibətlərindəki bu yumşalma Azərbaycandan kənarda mühacirət həyatı yaşayan insanların vətənə qayıtmasına təsir edirmi” sorğusuyla müraciət edib. Sorguda iştirak edənlərin əksəriyyəti hesab edir ki, “əfv”lər və “yumşalma” bu məsələ ilə əlaqələndirilməməlidir. Onlar hesab edirlər ki, Azərbaycanda yaxınları təzyiq və təhdid altında olan mühacirlərin siyahısını artırmaq da olar. Yaxınları Azərbaycanda həbs və təzyiq altında olan bu kimi mühacirlərin vətənə qayıtması ilə onların öz həyatlarına təhlükənin olmayacağına zəmanət vermir.

Hazırda Almaniyada mühacir həyatı yaşayan Əlövsət Əliyev bildirib ki, siyasi mühacirətdə olanların hər biri Azərbaycana qayıtmaq və normal həyatlarına davam etmək istəyirlər: “Lakin bunun ucun ilk olaraq, dövlətin zəmanəti lazımdır. Zəmanət isə sözlə deyil, həm də əməllə olmalıdır. Ölkədə siyasi təqiblər və siyasi məhbuslar olmasa, xaricdə heç kim siyasi sığınacaq almaq istəməz. Heç dövlətlər də bu halda Azərbaycandan gedənlərə sığınacaq verməzlər”-, deyə o bildirib.

 

metanet

 

Qadın hüquqlarının müdafiəçisi Mətanət Əzizova isə hesab edir ki, siyasi muhacirin ölkəni özünəməxsus tərk etmə səbəbi var: “Ondan başqa 2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı təzyiqlər başladı və bu situasiyadan istifadə edənlər də çox oldu. 2014-2016-ci ildə ölkəni tərk edənlərin arasında 50-60% , ümuiyyətlə, təziqlərə məruz qalmayanlardır. Sadəcə iqtisadi problemlərə görə, ölkəni tərk edib, buna siyasi don geyindiriblər. Təzyiqlərə həqiqətən məruz qalan fəallar isə müxtəlif səbəblərə görə geri qayıtmırlar. Əsas səbəb isə inamsızlıqdır. İnamsızlıq var, hələ də ölkədə QHT-lərin işində məhdudiyyətlərin olması, fəaliyyət üçün nəzərdə tutulan maliyyənin qarşısının alınması və s. kimi maneələr bu inamsızlıq hissini gücləndirir. Mənə gəlincə isə, bu ərəfədə ölkədən mühacirət edənlərin heç birinin vəziyyəti məndəki kimi olmayıb. Heç biri mənim qədər o ağırlığın, təhlükənin 50%- ni də yaşamayıblar. O stresslerin fəsadlarını hələ də yaşayıram. Ona görə də, qayıdış günü nə vaxt olsa, ən sonuncu mən dönəcəm”-, deyə o təəssüflə qeyd edib.

 

İdrak

 

Norveçdə mühacir həyatı yaşayan jurnalist İdrak Abbasov isə iqtidar-müxalifət münasibətlərinin yumşalmasının mühacirlərin geri dönməsi üçün yetərli səbəb hesab etmir: “Sizinlə qəti razı deyiləm. Əvvəla, Azərbaycanda bir dənə də olsa, müxalifət partiyası qalmayıb. Mövcud olan müxalifət partiyaları isə sadəcə dissident klublardır. Bunu da edən hakimiyyət olub. Patriyaları hər şeydən məhrum edən, azad medianı boğan, müstəqil QHT-ləri zəlil günə qoyub məhv edən, xirtdəyinə qədər korrupsiyaya bulaşan, yarım dənə olsa belə, seçkini normal keçirməyən, saxta, oğru, yalançı hakimiyyətdən nəsə dogru-duzgün bir əməl gözləmirəm. Siyası məhbusların bir qismi azad edilir, lakin az keçmir yeniləri həbs edilir. Hələ də jurnalistər, ictimai fəalların ölkəni tərk etmələrinə qadağalar quvvədədir. Bəzi QHT-lərin hesabları bağlıdır, praktiki olaraq, müstəqil QHT fəaliyyəti ilə məşğul olub xarici ianələrin cəlb edilməsi mümkünsüzdür. Vətənə dönüb fəaliyyətimi davam etməyimə gəldikdə isə, mən bu gün də Azərbaycan mediasnda varam. Bildiyiniz kimi, ölkəni tərk edən kimi “Azərbaycan Saatı” TV proqramı ilə əməkdaşlıq edirəm. Həm də mən qısa müddətdə dili öyrənib Norveç mediasında da işə başlamışam. Artıq 3 aydır ki, “Bø Blad” qəzetində işləyirəm. Mən hazırda Norveçdə proqram üzrə yaşayıram. İstənilən zaman da ölkəyə gələ bilərəm. Amma qayıdıb vətəndə məhv olmaqdansa, qürbətdə elə şərəfli vətəni təmsil etmək daha doğrudur. Çünki, hazırkı hakimiyyət durduqca, Azərbaycanda heç bir proqress gözləmirəm”-, deyə o bildirib.

 

Gülnaz Qənbərli