
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və İsrail qeyri-mütənasib güc tətbiq edərək mülki insanları hədəf aldıqdan sonra beynəlxalq rəy iki yerə bölünüb.
Gununsesi.info xəbər verir ki, İsrailin hücumlarının müdafiə edən və ona qarşı çıxanlar bir-birinin ardınca açıqlamalar verərkən, bu vəziyyət son illərdə yaxın münasibət quran İngiltərə və İordaniya kral ailələrini də qarşı-qarşıya qoyub.
Uşaq ikən İordaniyada yaşayan və Şahzadə Uilyamla evləndikdən sonra İordaniya kral ailəsi ilə yaxın münasibət quran Britaniya şahzadəsi Keyt Middleton (41) ilə İordaniya kraliçası Raniyə əl-Abdullah (53) Həmas-İsrail müharibəsi səbəbilə üz-üzə gəlib. İordaniya kraliçası Raniyə ötən gün CNN telekanalında çıxış edərək fələstinliləri müdafiə edib.
Küveytdə fələstinli bir ailədə dünyaya göz açan şahzadə Raniyə ərəb ölkələrinin Fələstində törədilən hadisələrə səssiz qalmasına və “Qərb ölkələrinin ikiüzlülüyünə” reaksiya verib. “Biz qabaqcıl silahlarla kütləvi qətllərin şahidi oluruq”, – deyə o bildirib.
Avropa mətbuatı şahzadə Raniyə ilə Keyt Middlton arasında fikir ayrılığının olduğunu iddia edib.
Oktyabrın 7-də baş verən hücumdan sonra İngiltərə şahzadə Uilyam və xanımı Keyt Middleton mövqelərini açıqlayıblar: “HƏMAS-ın İsrailə qarşı terror hücumlarının törətdiyi dəhşətlər qorxuncudr. Biz bu hücumları ən sərt şəkildə qınayırıq”.
Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild” Keyt və Uilyamın bu açıqlama ilə İsrailin tərəfini tutduqlarını yazarkən, Keyt və Uilyamın iyun ayında Raniyənin oğlu Hüseynin toyunda iştirak etdiklərini də xatırladıb. “Keyt və Raniyə həmin toyda çox yaxşı anlaşdılar. Amma deyəsən, bu bir daha təkrarlanmayacaq”, – deyə o qəzet yazıb.
Gununsesi.info