
“Azərbaycan Prezidenti müharibə bəyanatlarında ona güc verdiyi açıq sezilən milli birlikdən qürur hissi ilə danışdı. Hətta müxalifətə təşəkkür belə etdi”.
Gununsesi.org xəbər verir ki, bu fikirləri jurnalist Pərviz Həşimli özünün sosial şəbəkə hesabında yazıb. Pərviz Həşimlinin sözlərinə görə, bu müharibədə cəbhəçilər, müsavatçılar, insan haqları fəalları da döyüşdü, şəhidliyə yüksələnlər, qazi adını alanlar da olub: “İllərdir ki, həbsxana həyatı yaşayan siyasi məhbus, tanınmış din xadimi Hacı Mövsüm Səmədovun oğlu Zeynalbdin Səmədov ölkə başçısı tərəfindən “cəsur döyüşçü” medalı ilə təltif olundu. Bu birliyin davamlı, inamlı olması üçün əfv fərmanına ehtiyac var. Bütün siyasi məhbuslar azad edilsin. O cümlədən, “ömürlükdə” bir neçə nəfər tanıyıram ki, qeyri adekvat cəza alıblar. Bəziləri 23 ildir həbsdədir. Bu adamları da nəzərə almaq lazımdır”.