“Danışıqların real nəticəsiz keçməsi, Ermənistanın həmsədrlərin yanında öz sərt mövqeyini nümayiş etdirməsi, Azərbaycanın danışıqlara onsuz da çox az qalan ümidini tam pozdu. Demək olar ki, ermənilərin hansısa normal mövqeyini bildirməyə və danışıqlara ümid qalmadı”.
Gununsesi.org bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, məsələ ya danışıqlar yolu ilə, ya da hərbi yolla həll olunmalıdır:
“Əslində, bu torpaqlar hərb yoluyla bizim əlimizdən alınıb, etnik təmizləmə baş verib və s. Müharibənin təhlükəsi çox yüksəkdir. Təhlükəsi dedikdə, yəni hər bir müharibədə təhlükələr, itkilər var. Amma təəssüflər olsun ki, düşmənimiz bizə ayrı seçim saxlamır. Buna görə, müşavirələr, hərbi təlimlər məntiqli addımlardır, hər bir hökumət atmalıdır.
İkincisi də ictimaiyyətin təhriki var. Yəni nə qədər ermənilərin oyunları ilə özümüzü aldadaq?!. Mümkün olan şey deyil, bunun axırı var. Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi bu təhlükəni elə bil görmür, ya da görmək istəmir.
Hesab edirəm ki, hərbi əməliyyatların bərpası ilə əlaqədar Ermənistan tərəfində təhlükə mövcuddur. Belə bir məntiq var ki, Ermənistan – Rusiya əlaqələri çox ciddi şəkildə pisləşir. Rusiya Ermənistanın indiki rəhbərliyini qəbul etmir. Gərginlik mövcuddur.
Eyni zamanda Ermənistanda çox qəribə, məntiqə uyğun olmayan vəziyyət yaranıb. Bir tərəfdən Ermənistan rəhbərliyi Qərb yönümlü siyasəti həyata keçirmək niyyətindədir. Ümumiyyətlə qərbə istiqamətli iqtisadi və siyasi addımlar atıb. Belə fikirlər var ki, bunların hakimiyyətə gəlməsi Qərbin dəstəyilə baş verib. Eyni zamanda Rusiya ilə əlaqədar vəziyyət, təhlüəsizlik riskləri Ermənistana imkan vermir ki, Rusiyadan tam imtina eləsin”.
T.Zülfüqarov bildirib ki, Paşinyan qruplaşması, bəlkə də hərbi əməliyatların bərpasında maraqlıdır:
“Ona görə maraqlıdır ki, hərbi əməliyyatlar nəticəsində yaranan vəziyyətə görə, Ermənistan Rusiyanı ittiham eləsin və desin ki, bu vəziyyət ona görə yaranıb ki, Rusiya bizə kömək etmirdi, Azərbaycana silah satırdı və s. İttihamlardan sonra Rusiya ilə əlaqələri tam pozub, Qərb yönümlü siyasəti arxaya baxmadan həyata keçirsin. Belə siyasi məntiq görünür. Bir tərəfdən bu məsələdə maraqlı Paşinyanın özü və hakimiyyətə gələn dəstəsidir. Paşinyan danışıqların nəticəsiz olmasını çox yaxı başa düşür və bilir ki, səbəbi Ermənistanın mövqeyidir. Yəni bu cür provokasiyaya əl ata bilər”.
Sabiq nazir Rusiya və Ermənistan münasibətindən də danışıb: “Rusiya rəhbərliyi neçə aydır Paşinyandan xahiş edib ki, Köçəryanı həbsdən buraxsın, evdə saxlasın, məhkəmə olsun, amma həbsdə saxlanılmasın. Bu xahişin üstündən neçə ay keçir. Paşinyan isə demonstrativ şəkildə onu həbsdə saxlayır. Təbii ki, bu, Ermənistan – Rusiya münasibətlərinin səviyyəsini göstərir. Biz bir-iki elementləri görürük. Amma görünməyən elementlər çoxdur. Paşinyan arxayındır ki, Rusiya onun köməyinə gəlməyəcək”.