Müharibə Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi

  • By admin
  • 24 Sentyabr 2021 15:18

Artıq bir ilə yaxındır ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbəmizin sevincini yaşayırıq. İndi hər bir soydaşımız fəxr edir ki, onlar qalib Azərbaycanın vətəndaşıdırlar. Düşmən üzərində qazandığımız tarixi qələbə Azərbaycan tarixinə yeni bir səhifə yazdı. Bu şanlı zəfər ölkəmizi bütövləşdirdi, Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Bu qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Azərbaycan Silahlı Qüvvələrinin hər bir üzvü yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə nümayiş etdirdi və işğal altında olan torpaqlarımızı öz qüvvəsi ilə azad etdi. 30 il düşmən əsarətində olan həmin ərazilərdə indi əzəmətli Azərbaycan bayrağı dalğalanır. Şuşada, Cıdır düzündə musiqi festivallarının, poeziya günlərinin keçirilməsi tarixi qələbəmizin bariz təsdiqidir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, bu gün Azərbaycan bayrağının Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Şuşada, Ağdamda, Kəlbəcərdə və Laçında dalğalanması Ali Baş Komandanımız İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, qəhrəman Ordumuzun qüdrətinin, xalqımızın monolit birliyinin və həmrəyliyinin parlaq nümunəsidir. Artıq dünya birliyi də Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunun şahididir. 2020-ci il noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları üçtərəfli Bəyanat da bunun göstəricisidir. Bu Bəyanat Ermənistanın məğlubiyyətini rəsmən təsdiqlədi və ermənilərin “böyük Ermənistan” dövləti yaratmaq ideyasının üstündən birdəfəlik xətt çəkdi.

Vətən müharibəsində iştirak edən mərd oğul və qızlarımızın qəhrəmanlığından söhbət açan Ç.Qənizadə vurğulayıb ki, onlar heç vaxt unudulmayacaq və həyat durduqca yaşayacaqlar. Bildirib ki, ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş əsgər və zabitlərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Ç. Qənizadə deyib ki, ermənilərin zaman-zaman “böyük Ermənistan” dövləti yaratmaq ideyaları artıq puç oldu. İşğalçılar bu çirkin niyyətlərini gerçəkləşdirmək üçün ərazilərimizi zəbt edib, soydaşlarımıza qarşı dəhşətli soyqırımı və terror aktları törədiblər. Bunu tarixi faktlar da sübut edir. Bəzi faktları xatırlatmaqla erməni vandallığını, bu millətin qəddarlığını, faşizmin tör- töküntüsü olduqlarını diqqətə çatdırmaq istərdim.

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən münbit ərazilərimizi ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıb öz dədə- baba torpaqlarından didərgin salıblar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansızlıqları ilə yadda qalıb. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən – dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da tez- tez erməni vandalizmi ilə qarşılaşdığını vurğulayan komitə sədri diqqətə çatdırdı ki, xarici havadarlarına arxalanan Ermənistan mütəmadi olaraq sərhədboyu ərazilərdə atəşkəs rejimini pozur, təxribatlar törədir, günahsız insanları qətlə yetirir, işğal altında saxladıqları əraziləri viranə qoyurdular. Dünya birliyi və özlərini haqq – ədalət carçısı hesab edən mötəbər təşkilatların Ermənistanın beynəlxalq hüquq normalarına hörmətsizliyinə biganə yanaşmaları işğalçı ölkəni getdikcə həyasızlaşdırırdı.

Ç.Qənizadə bildirdi ki, bu işğal və hegemonluq daimi ola bilməzdi. Söz yox ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018- ci il Naxçıvanın Günnüt əməliyyatında və 2020-ci il Tovuz hadisələrində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə layiqli cavab vermişdi. Ancaq düşmən bundan ibrət götürməyərək ötən il sentyabrın 27- də ölkəmizə qarşı müharibəyə başladı. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cəmi 44 gün davam gətirə bildi. Rəşadətli ordumuz bu müddət ərzində düşməni darmadağın etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi strategiya, milli həmrəyliyimiz, düşünülmüş hərbi taktika və ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. II Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən ölkəmizə olan təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycan öz haqq savaşında zəfər çaldı”.

İstər birinci, istərsə də ikinci Vətən müharibələrində canından keçmiş və sağlamlıqlarını qurban vermiş mərd oğul və qızlarımızın xatirəsinin daim uca tutulmasından, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsindən söhbət açan hüquq müdafiəçisi dedi ki, dövlət hər bir qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən daim lazımi köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilmişdir.

Ç.Qənizadə deyib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr tarixini Azərbaycanda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhidlərin ruhlarına, onların doğmalarına ali səviyyədə ehtiramın göstəricisidir. Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur.

Gununsesi.info