
Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən müharibə veteranı Əliyev Həmid Rövşən oğlu 4 gündür ölüm aclığına başlayıb.
Bu haqda Gununsesi.info-ya məhbusun ailəsi məlumat verib.
Onlar bildiriblər ki, Həmid Əliyev hazıda karserə salınıb. Məhbusun anası Minayə Əliyevanın sözlərinə görə, Həmid Əliyevin vəziyyəti kəskin pisləşib, lakin o aclığı dayandırmaq niyyətində deyil.
“Xəbəri eşidib 10 saylı cəzaçəkmə müəssisəsinə getdim. Orada müəssisənin rəisi Etibar Məmmədyarov məni qəbul etdi. Dedi ki, get oğlunla danış, qoy aclığı dayandırsın. Biz nə qədər onu başa saldıq, bizi eşitmədi, danışın yazıqdır, qoy aclığı dayandırsın. Sonra isə məni oğlum Həmidlə görüşdürdü. Oğlumu görüş otağına gətirdilər. Ayaq üstə güclə dayanırdı. Danışmağa halı yox idi. Oğluma yalvardım ki, aclığı dayandır, mənə yazığın gəlsin. Həmid müharibə görmüş keçmiş döyüşçüdür. Dedi ki, ana, mən günahsız yerə həbs edilmişəm. Hər gün ölməkdənsə, bir dəfə ölmək yaxşıdır. Məni də eşitmədi”-, deyə o bildirib.
Həmid Əliyevin anasının sözlərinə görə, keçmiş döyüşçü günahsız olduğunu və kömək istədiyi dövlət rəsmilərindən I vitse-prezident Mehriban xanım Əliyevaya, ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciəti udub ki, ölsə, onu yarsalar, içindən çıxsın. “Həmid inanır ki, işi yenidən ədalətlə araşdırsalar günahsız olduğu ortaya çıxacaq. O ədalətin bərpa olunacağına inanır. Oğlum ona qarşı qurama cinayət işi hazırlanaraq həbs edilməsinə etiraz olaraq bu addımı atıb. Həmid müharibə veteranıdır. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qurama cinayət işinin qurbanıdır. Məhkəmədə təqsirləndirilən və şahid qismində dindirilənlər Həmidi tanımadıqlarını desələr də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev oğluma 10 il cəza kəsdi. Artıq bir neçə gündür ki, ölüm aclığına başlayıb. O, günahsızdır. 2015-ci ildə ləğv edilmiş MTN-nin əməkdaşlarının ənənəvi istifadə etdiyi İran vətəndaşı “Cəfər” variantını oğluma da tətbiq edərək, guya satmaq məqsədiylə narkotik maddə aldığını üzərinə qoydular. Necə olur ki, bu ölkənin hüquq-mühfizə orqanları hamını bəlaya salan “Cəfər”i heç vaxt tapa bilmir, o isə əlini-qolunu sallayaraq, sərhədləri keçir və külli miqdarda narkotik maddəni Azərbaycana keçirir, kimə istəyir satır, lakin axtaranda tapılmır. Amma kimisə şərləyib tutmaq istəyəndə onun adından istifadə edirlər”-, deyə o bildirib.
Minayə Əliyeva bildirib ki, bu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri Həmid Əliyevə baş çəkəcəklər. Məhbusun anasının sözlərinə görə, bu haqda Penitensiar Xidmətə, Ombudsmana, Prezident Administrasiyasına müraciət ediblər.


Gülnaz Qənbərli
Gununsesi.info












