Müharibədə dönüş nöqtəsi: Kiyev üstünlüyü ələ alır

  • By admin
  • 14 İyun 2022 11:15

Tezliklə Rusiya-Ukrayna müharibəsində daha bir dönüş nöqtəsi olacaq. Ukrayna Silahlı Qüvvələri müttəfiqlərdən tam həcmdə hərbi yardım aldıqdan sonra Rusiya ordusu hücum potensialını tamamilə itirə bilər.

Gununsesi.info xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleksiy Melnik deyib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri əvvəlcə ruslarla güc balansını bərabərləşdirəcək, sonra isə üstünlük əldə edəcəklər.

“Onlar tez-tez müharibədə dönüş nöqtələrindən danışırlar – güc balansında vəziyyətin dəyişməsi tərəflərin hər birini öz planlarına yenidən baxmağa məcbur etdiyi zaman. Ötən 3 ay ərzində bir neçə dönüş nöqtəsini qeyd etmək olar. İlk növbədə, bunlar rusların uğursuzluğa düçar olduğu ilk bir neçə gündür. Sonra rus qoşunlarının Kiyev və Çerniqov vilayətlərindən çıxarılması baş verdi. Deyə bilərik ki, qarşıdan müharibənin yeni mərhələsi və ya başqa dönüş nöqtəsi gəlir. Bu, ondan ibarət olacaq ki, Ukraynaya ağır silahlar daxil olduqca, ölkədə ehtiyat formalaşacaq. Bundan sonra təkcə kəmiyyət deyil, həm də keyfiyyət üstünlüyü Ukraynanın tərəfində olacaq”, – mütəxəssis qeyd edib.

Melnik əlavə edib ki, bunu dərk edən ruslar artıq hücuma deyil, müdafiəyə hazırlaşırlar: “Düşünürəm ki, ruslar ən azı hərbi səviyyədə yaxşı başa düşürlər ki, nə vaxtsa hücum potensialı fürsətini tamamilə əldən verəcəklər. Buna görə də rus qoşunları cəbhənin müəyyən sahələrində müdafiə istehkamları qurur. Rusiya həftələrlə və ya aylarla ölçülən bu vaxt diapazonundan öz üstünlüyünü reallaşdırmaq üçün istifadə etməyə çalışacaq. İlk növbədə, artilleriya, aviasiya, raket zərbələri endirmə vasitələri…” – Melnik bildirib.

Daha əvvəl bildirilib ki, Rusiyanın yüksək dəqiqlikli raketləri tükənir, lakin indiki templə onlar Ukraynaya qarşı daha 1 il müharibə apara bilər. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya dəqiq idarə olunan sursatların olmaması səbəbindən quru hədəflərinə qarşı köhnə gəmi əleyhinə raketlərdən istifadə edir.

Gununsesi.info