“Mülahizə yürütmək olar, amma hökm verməyə haqqımız yoxdur” - ELÇİN ŞIXLI

  • By admin
  • 08 Fevral 2022 15:25

“Mülahizə yürütmək olar, amma hökm verməyə haqqımız yoxdur”.

Bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyevlə bağlı müzakirələr aparılır. Tanınmış media nümayəndəsi, “Ayna” – “Zerkalo” qəzetinin rəhbəri Elçin Şıxlı da bu məsələ ilə bağlı mövqeyini bildirib.

Gununsesi.info “Hürriyyət”ə istinadən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının fikirlərini təqdim edir:

“Ümumiyyətlə, bu məsələnin nədən irəli gəldiyini araşdıranda anlayırsan ki, hər iki tərəfdə günah var. Bəzən mətbuatda gedən hər hansı bir məlumat ilkin mənbədən yanlış gəlir, biz onu təkrarlayırıq, amma sözügedən məlumata düzəliş ediləndə, biz o düzəlişi vermək istəmirik. Düzəlişi vermirik, əvəzində qarşı tərəfə “rüşvətxor”, “korrupsiyaçı”, “alçaq”, “vicdansız”, deyirik, “dərman oğrusu” adlandırırıq,  “varlanıb, qudurub, ölkənin malını kənara daşıyır” ittihamı səsləndiririk. Halbuki, bunların çoxunun arxasında heç bir dəlil-sübut olmur, yəni hüquqi cəhətdən əssassız olan ittihamlar səsləndirilir.  Mən heç kəsin əl-üzünü yumaq fikrində deyiləm. Sadəcə bildirirəm ki, media nümayəndələri yalnız faktlara söykənməlidirlər. Təbii ki, mülahizə yürütmək olar, amma hökm verməyə haqqımız yoxdur.

 

Sonradan London Məhkəməsi 15 milyon funt sterlinqin 10 milyona yaxınının həbs altından çıxarılmasına dair qərar verir. 5 milyonun taleyi isə, deyilənə görə, Beynəlxalq Bank vasitəsilə Londona köçürüldüyü üçün hələlik sual altındadır. Əgər nüfuzlu dərgi olan “The Guardian” məlum məsələ ilə bağlı bu detalları ictimailəşdirirsə, yəni ilkin məlumata düzəliş edirsə, biz bunu nəzərə almalıyıq. Biz isə nədənsə yazılanların birinci hissəsini nəzərə alırıq, ikinci hissəsini isə görməzdən gəlirik. Çünki hazırda ümumən cəmiyyətimizdə nəsə narazılıq var. Cəmiyyət kin püskürür. İmkanlı şəxslərə qəribə yanaşma var: əlindəkini bizə verməlisən. Nəyə görə verməli olduqları məlum deyil. Bu adam o var-dövləti qazanıb. Hansı yollarla qazanması isə başqa söhbətin mövzusudur. Onun cinayətkar olduğunu sübut etmək lazımdır.

Həmçinin, qarşı tərəf də media nümayəndələrini “satılmış”, “xarici agent” və s. kimi epitetlərlə “makafatlandırmamalıdır”. Ola bilsin, Cavnşir Feyziyev hissə qapılıb, emosiyalarına hakim ola bilməyib, amma bu millət vəkilinə yaraşan hərəkət deyil.  Yəni, dediyim kimi, hər iki tərəfdə günah var. Əgər sözügedən proses davam edərsə, iddia qaldırılacağı təqdirdə hüquqi müstəvidə, məhkəmə tərəfindən araşdırılmalıdır, bundan sonra qərar verilməlidir.

Ümumiyyətlə isə, mən bu cür qalmaqalları, hansısa millət vəkilinin media nümayəndələrini bu şəkildə aşağılamasını və yaxud heç bir əsas olmadan cibində pulu olan adamın media nümayəndələri tərəfindən ittiham edilməsini qəbuledilməz sayıram.

Əgər məlum şəxsin ailəsinə məxsus şirkətlər 100 milyon vergi ödəyirsə, demək bu adam heç də ilk baxışda göründüyü kimi, oğru deyil. Bax, biz bütün bunları nəzərə almalıyıq. Məsələ bundadır ki, bizim cəmiyyət hələ kiminsə milyonçu, kiminsə yoxsul olmasını normal hal kimi qəbul edə  bilmir. Biz kommunizm rejimində, Sovet İttifaqında  yaşamırıq. Sovetlər dönəmində hamıya eyni gözdə baxılırdı, bacarıqlıya da, bacarıqsıza da. Buna görə də Sovet hökuməti dağıldı. Problem ondadır ki, dövran dəyişsə də, münasibət  dəyişməyib.

Bizim bir çox media nümayəndələri, mən özüm də media mənsubuyam, yəni deyilən sözlərin mənə də aidiyytı var, yəqin ki, oxucu auditoriyası yığmaq, oxucunun gözündə daha samballı görünmək xatirinə “gözlərini yumub, ağızlarını açırlar”. Bu, yolverilməzdir. Media nümayəndələri dəqiq işləməlidirlər. Biz “4-cü hakimiyyət” olduğumuzu unutmamalıyıq.

Bəli, millət vəkili bizneslə məşğul ola bilməz. Çox güman ki, araşdırılsa, məlum olacaq ki, Cavanşir Feyziyev rəsmən heç bir müəssisənin təsisçisi deyil, demək bu məsələ ilə bağlı onu ittiham edə bilmərik. Oğlunun biznesi var, çünki əvvəldən iş adamı olub. İnanın ki, heç birini tanımıram. Sadəcə, sənədsiz, faktsız danışa bilmərəm.

İkincisi də hamının dediyi odur ki, bu adamın milyonları var, nə üçün paylamır? Niyə paylamalıdır? Kiməsə borcu var bəlkə? Bu adamın Azərbaycanda fabriki, zavodu, ümumiyyətlə hər hansı müəssisəsi varsa, demək, ölkə üçün nə isə edir, ən azından iş yerləri açıb, əhalinin müəyyən bir hissəsini dolandırır. Həmin müəssisələrdə iş şəraiti necədir, deyə bilmərəm, buna orada işləyənlər qiymət verə bilər. Sadəcə, artıq qəbul etməliyik ki, kapitalizm cəmiyyətində varlı da olacaq, kasıb da. Başqa iqtisadi mexanizm yaradılmayıb hələ. Hazırda bütün dünyada bu belədir. Dünyanın ən çox inkişaf etmiş kapitalist dövləti olan Amerikada da  varlısı  da var, kasıbı da, ağıllısı da var, səfehi də, vicdanlısı da var, fırıldaqçısı da. Amma orada heç bir qəzet müxbiri, heç bir jurnalist boş-boşuna kimisə “korrupsiyaçı” adlandıra bilməz.

Misal üçün, Almaniyanın “Bilt” dərgisinin ölkənin o zamankı  prezidenti Volfu ictimai qınaq yolu ilə, tamamilə qanuni olaraq istefaya göndərməsindən 10 ildən çox vaxt ötür. Yəni medianın gücü budur.

Bizdə isə nədənsə həmişə media nümayəndəsi, jurnalist “günahkar” olur. Təəssüf ki, əksər hallarda jurnalistlərin özü bu və ya digər dərəcədə buna şərait yaradır. Çünki, artıq dediyim ki, əllərində dəlil-sübut olmadan kimisə nədəsə ittiham edirlər”.

 

 

Gununsesi.info