“Qərb liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Rusiyanın rolunu qabartmaları və bunu təkrar-təkrar, hətta mübaliğəli şəkildə dilə gətirmələri məqsədyönlü xarakter daşıyır. Məsələnin bilavasitə Rusiyanın əli ilə tənzimlənməsi bütün hallarda Qərbin marağındadır”.
Gununsesi.info xəbər verir ki, bunu BAXCP rəsmisi, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, əgər Rusiya münaqişənin ədalətli həlli üçün müvafiq addımlar atarsa, işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etmələri üçün Ermənistana təzyiq göstərərsə, bu zaman Ermənistan Rusiya ilə düşmən olacaq. O, deyib ki, yox, əgər Rusiya mövcud status-kvonun qorunması, yaxud problemin işğalçı Ermənistanın maraqlarına uyğun həlli üçün Azərbaycana açıq təzyiqlər göstərməyə davam edəcəksə, bu halda Moskvanın Bakı ilə münasibətlərinə birdəfəlik son qoyulacaq.
“Qənaətimə görə, Rusiyanın strateji maraqları üçün ən uğurlu seçim münaqişənin ədalətli həllinə nail olmaqdan ibarətdir. Çünki hər tərəfdən türk dövlət və topluluqları ilə üzük qaşı kimi əhatə olunmuş Ermənistanın coğrafi baxımdan onsuz da heç bir seçimi yoxdur. Rusiyanın Qarabağ münaqişəsinin ədalətli həllinə nail olması Moskvanın türk dünyasının etimadını qazanması deməkdir. Bu isə Avrasiyaçılıq ideyasının gerçəkləşməsinə apara biləcək, Rusiyanı gələcək parçalanmalardan qoruyacaq yeganə yoludur”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info