Mürtəza Bünyadlı yazır:  “MBNP  bir daş atıb quyuya, kimsə  tapılmır ki, onu çıxara…”

  • By admin
  • 21 Aprel 2017 16:54
murtaza
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının  (MBNP) təşəbbüsü ilə “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi nəticəsində  hüquqi və fiziki şəxslərin bankdakı vəsaitini nağdlaşdıra bilməməsi məsələsi getdikcə ölkədə  ciddi problemlərə yol açmaqdadır.
Yəni, MBNP 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası ərazsində fəaliyyət göstərən bütün banklara “Nağdsız hesablaşmalar haqqında” qanunun III, IV maddəsinə əsasən hər hansı limit tətbiq etmədən bütün əməliyyatların nağdsız qaydada aparılması  barədə göstərişindən sonra heç bir hüquqi və fiziki şəxs bankdakı vəsaitini nağdlaşdıraraq çıxara bilmir. Məsələnin ən “maraqlı” tərəfi ondan ibarətdir ki, MBNP belə bir qərar verərkən  nağdsız  əməliyyatların aparılması üçün heç bir mexanizm  müəyyən etməyib.  Bu gün hər hansı  bir hüquqi və fiziki şəxs  bankda  nağdsız əməliyyat aparmaq istəsə belə,  onu necə həyata keçirməyin mexanizmi mövcud deyil və bu da insanları çıxılmaz duruma salıb. Nəticədə banklarda  maliyyə əməliyyatlarının aparılması  iflic vəziyyətə düşüb.   Hüquqi və fiziki şəxslər  banklardakı pulu  nağdlaşdıraraq, iş görə bilmir. Vəziyyət isə getdikcə  mürəkkəbləşir.
MBNP-nin bu qərarı nəinki dövlət sektoruna və ictimai sektora, eyni zamanda,  biznes sektoruna da öldürücü zərbə vuracaq. Çünki qərara əsasən bank əməliyyatları nağdsız aparmalı olacaq. Bunun da mexanizmi  olmadığından bu sahənin iflic vəziyyətə düşməsinə gətirib çıxaracaq. Bunun mexanizminin  hansı formada tətbiq edilməsi ilə bağlı isə ortada hələ də bir təklif yoxdur. Necə deyərlər,  bu da  “at almadan axurun  çəkilməsinə və ya axur çəkmədən at alınması” məsələsinə bənzəyir.  
MBNP və aidiyyatı dövlət qurumları da mövcud vəziyyətdən çıxış yolu tapıb, məsələni  həll etmək əvəzinə, öz aralarında  korporativ maraqları uğrunda  mübarizə aparırlar. Belə olan halda təsəvvür edin ki, hər hansı QHT təmsilçisi  bir yerdə tədbir keçirirsə, yaxud,  ictimai təşkilat və ya Həmkarlar İttifaqları Konfederasiyası  kiməsə yardım edirsə, invoys açmalıdır, kart əldə etməlidir, ondan sonra  bank əməliyyatı həyata keçirməlidir. Deyək ki, təşkilat işçisini hər hansı rayona və xarici ölkəyə ezamiyyətə göndərir. Bilet və otel pulunu köçürmə ilə etdikdə, bu, müəyyən mənada mümkündür. Düzdür,  bu məsələni Azərbaycana tam aid etmək olmaz. Çünki  Azərbaycanda, ümumiyyətlə, xidmət  və biznes sektorunun mütləq əksəriyyətinin bank hesabı yoxdur və olanı da bərbad vəziyyətdədir. Ezamiyyətə göndərilən şəxs  bəs gündəlik ezamiyyə xərclərindən necə istifadə etməlidir? Yolda yemək yeyərkən, mağazadan nəyisə alarkən, onu necə ödəməlidir? Tutaq ki,  təşkilat birini Bakıdan Şəkiyə ezamiyyətə yollayır və bu  şəxs “Ağsu aşırımı”nda  nahar etməli olur.  Yemək yeyən şəxs yediyi yeməyin  pulunu ödəyərkən yeməkxana sahibinə deməlidir ki, zəhmət olmasa, invoysunu ver, hesabı ora köçürəcəyəm?
Axı, Azərbaycanda bununla bağlı heç bir mexanizm yoxdur və yaxın onillikdə belə bir qaydanın tətbiqini gözləməyə də dəyməz. Yaxud da, həmkarlar təşkilatı  istənilən bir rayonun ucqar kəndindən  yaşayan,  ona  xəstəsini  təcili müalicəsinə   maddi yardım almaq üçün müraciət edən şəxsə deməlidir ki, sən get əvvəlcə bank hesabı aç və həmin hesab nömrəsini  mənə göndər,  sonra yardım edim? Birincisi,  bu, qeyri-mümkündür. Ona görə ki, bu xeyli vaxt itikisi deməkdir. İkincisi, ucqar kənddə yaşayan şəxs xeyli məsafə və maddi vəsait  sərf edib rayon mərkəzinə gəlməli və orada hesab açmalıdır. Bu da hələ bilmək olmur  nə qədər vaxt alacaq… Ondan sonra  da həmin hesab nömrəsini göndərməlidir həmkarlar təşkilatına və sair və ilaxır. Onu da  deyək ki, hesab açmaq və kart almaq pulludur. Digər məqam isə ondan ibarətdir ki, o, ucqar kənddə yaşayan  nə bilir bank hesab nömrəsini və ya  onu lazımi ünvana göndərməyi… Bu, axı, Azərbaycan reallığıdır?!  Əhalinin  mütləq əksəriyyətinin bu sahədəki bilik səviyyəsi çox aşağıdır.
Tutaq ki, vətəndaş kiminsə yardımı ilə bunu etdi. Axı, həmin şəxsə  xəstəsini müalicə etdirmək üçün təcili pul lazımdır. Pul isə vaxtında  vətəndaşa çatmadığından  onun də xəstəsi dünyasını dəyişir, dəfn olunur… Hələ onun 3-7-si də çıxır… Ancaq onun maddi yardımı gəlib çıxmır ki, çıxmır… Hələ demirik ki, o hesabı açanacan  nə qədər vasit xərcləyir… Və göndərilən maddi yardımdan nə qədər vergi, bank hesabı çıxılacaq onu demirik… Deyək ki, vətəndaşa 100 manat yardım ediləcək. Bu bürokratik əngəllə isə heç ona pul da  qalmır,  qalsa da  10-20 manat vəsait qalacaq ya yox…
Digər bir misal: istənilən hüquqi və fiziki şəxs  ictimai nəqliyyatda istifadə edilən karta 1 manat pulu köçürmə yolu ilə necə yükləsin, 3 manatlıq dəftəxana ləvazimatını köçürmə yolu ilə necə alsın, ezamiyyətə gedəkən yeməkxanada içdiyi supun pulunu necə köçürsün, kirayə götürdüyü ofisin (əksəriyyəti şəxsi mənzildir) kirayə haqqını sahibinə necə versin (təbii ki, heç birinin bank hesabı yoxdur) və s. və ilaxır. Bax, belə ciddi problemlər yaranıb. Vəziyyət düzəlmədiyindən yaranmış duruma  böhran halını almağa başlayır. Və yaranmış durum onu göstərir ki, vəziyyət getdikcə daha da dərinləşəcək. Ona görə ki, artıq QHT sektorunun təmsilçiləri aldıqları qrant layihələrindən imtina haqqında düşünməyə başlayıb.
Ancaq ölkə başçısı bu sektorun inkişafı üçün lazımi şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verib. O sahəyə dövlət büdcəsindən vəsait ayrılır. Bu sektor oturşmaqdadır və ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında, onun inkişaf etməsində müstəsna xidmət göstərməkdədir. İndi MBNP-nin bu qərarı QHT sektorunu artıq iflic vəziyyətinə salib və bu sektor verilən qərarın acısını çəkməkdədir. Odur ki, MBNP bir daş atıb quyuya və  kimsə də tapılmır ki, onu oradan çıxara… İndi belə xırda problemlərdən ötərimi də  ölkə başçısı məsələyə qarışmalıdır? Axı, ölkə başısı bank sektorunda şəffaflığı təmin edib, insanlara daha  rahat və komfort xidməti etməsi istiqamətində islahatların həyata keçirilməsini tapşırıb. Ancaq yerlərdə onun tapşırıqları aidiyyatı qurumlar tərəfindən düzgün icra olunmur və bu zaman korporativ maraqlar önə çıxır. Bu da nəticədə islahatların uğrula həyata keçirilməsinə ciddi maneçiliklər yaradır və prosesi effektsiz edir. Odur ki, istənilən dövlət qurumu hansısa addımı atmazdan  və islahatı həyata keçirməzədn öncə  reallığı  nəzərə almalı və  qəbul etdiyi qaydaların tətbiqi üçün mexanizmlər yaratmalıdır. Ondan sonra  qərarlar verməlidir. Əks halda,  həyata keçirilən islahatlar  uğur qazanmayacaq və əksinə, vəziyyəti daha da pisləşdirəcək. Bu da nəticədə insanların hakimiyyətdən haqlı narazılıqlarına səbəb olacaq.
Son olaraq isə MBNP-nun bu qərarını ölkə başçısının həyata keçirdiyi islahatları sabotaj etmək cəhdi kimi də dəyərləndirmək olar.
Mürtəza
Gununsesi.info