“ASAN Radio”-nun əsas hədəfi dövlət qurumları ilə vətəndaş arasında körpü rolunu oynayaraq əlaqələri möhkəmləndirməkdir və radio artıq fəaliyyətini də bu istiqamətdə qurub.
Gununsesi.info xəbər verir ki, bunu “ASAN Radio”- nun rəhbəri Emin Musavi bu gün radionun yaranmasının bir illiyi ilə bağlı radioda təşkil edilən press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “ASAN Radio” bir il öncə, yəni, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında 2015-ci ilin dekabrın 24-də fəaliyyətə başlayıb.
“ASAN Radio” ölkədə yeganə radiodur ki, dövlət xidmətləri sahəsində ixtisaslaşıb. Hazırda radioda sosial, elm idman, mədəniyyət sahəsini və digər sahələri əhatə edən maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərinə təqdim edir”- deyə, E.Musavi vurğulayıb.
O, əlavə edib ki, “ASAN Radio” həm “ASAN Xidmət” mərkəzlərində təmsil olunan xidmətlər, həm də digər dövlət qurumlarının xidmətləri barədə cəmiyyəti məlumatlandırmaqla yanaşı, ciddi maarifləndirmə işləri aparır.
“Əsas məqsədimiz də dövlət qurumları ilə vətəndaşlar arasında əlaqələr yaratmaqla, münasibətləri möhkəmləndirməkdir. Yəni, burada rəsmilər həm asan, həm də çətin sullara cavab versin və vətdaşın problemini həll etsin. Bir sözlə, “ASAN Radio” vasitəsi ilə çətin, qəliz, mürəkkəb məsələləri asanlaşdıraq və əlçatan edək. Artıq bir ildə bu istiqamətdə xeyli işlər görülüb və müəyyən nəticələr də var. Belə ki, hökumət nümayəndələri, məmurlar “ASAN Radio”-ya dəvət olunub və radioda problemi olan vətəndaşla əlaqə yaradılıb. Həmin vətəndaşın qaldırdığı problem həllini tapıb. Bununla bağlı kifayət qədər fakt söyləmək olar”– deyə, E.Musavi bildirib.
E.Musavi bildirib ki, “ASAN Radio”-nu təkcə FM dalğasında deyil, eyni zamanda asanradio.az saytı, mobil telefonlar vasitəsi ilə dinləmək olar.
E.Musavi onu da əlavə edib ki, ayda radionu bir milyonadək insan dinləyir.
Gələcək planlara gəldikdə isə E.Musavi bildirib ki, planlar çoxdur və bu planlar mütəmadi olaraq həyata keçirilir:
“2017-ci ildə və ondan sonra da yeni planlarımız həyata keçriəcəyik. Məqsədimiz də odur ki, faydalı və keyfiyyətli verilişlərimizlə vətəndaşlara xidmət göstərək. Fəaliyyətimizin əsas ana xətti də cəmiyyətin öz hüquqlarını öyrənməsi istiqamətində maarifləndirmə işi olacaq”.
Mürtəza
Gununsesi.info