Musa Qasımlı vaxtilə Ramiz Mehdiyevi tərifləməsini belə əsaslandırdı - DEPUTAT "GÜNÜNSƏSİ"NƏ MƏKTUB YOLLADI

  • By admin
  • 03 Fevral 2022 18:08

Milli Məclisin deputatı professor Musa Qasımlı “Gününəsi”nin onun haqqında “Musa Qasımlı bir zamanlar Ramiz Mehdiyevi belə tərif edirdi- İNDİ ONU İSTEFAYA ÇAĞIRIR” başlıqlı yazıya münasibət bildirib.

Qeyd edək ki, həmin materialda professorun Ramiz Mehdiyev haqqında vaxtilə tərif yazması və bu gün onu tənqid etməsindən bəhs olunur.

Musa Qasımlının cavab haqqını tanıyaraq, onun baş redaktorumuza yazdığı məktubu olduğu kimi təqdim edirik:

 

Hörmətli Pərviz müəllim!

 

İlk növbədə, Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Ölkəmizdə mövcud olan fikir azadlığı və medianın sərbəst fəaliyyət göstərməsinin nümunəsi olaraq saytınızda haqqımda getmiş yazı ilə əlaqədər olaraq aşağıdakıları bildirməyi özümə borc hesab edirəm. Dərc edilmiş məqalə Ramiz müəllim Mehdiyevin bir neçə il əvvəl yubileyi ilə əlaqədar olaraq kitab tərtibçilərinin mənə etdikləri müraciəti əsasında yazdığımdır. Həm də təkcə o deyil, müəllifi olduğum digər məqalələr də var. R.Mehdiyev dövlət adamı olaraq uzun illər boyu işləyib və cənab Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev Ordeni ilə təltif edilib.
Ancaq R. Mehdiyev 2019-cu ilin sonlarında AMEA prezidenti seçildikdən sonra akademiya elmi idarəçilik baxımından bərbad hala düşüb, millətimizin tarixində özünəməxsus yer tutmuş bu qurum nüfuzunu itirib və dağılmağa başlayıb, uğursuz rəhbərlik elmimizdə böhran yaradıb. Ona görə də müraciətimdə həmişəki kimi mövqeyimi açıq, aydın və konkret olaraq bəyan edərək R.Mehdiyevi istefaya dəvət etmişəm və vurğulamışam: “ Bəri başdan qeyd edim ki, yazının yazılmasında məqsəd AMEA prezidenti Ramiz müəllim Mehdiyevin keçmiş xidmətlərinə qətiyyən kölgə salmaq deyil, bilavasitə AMEA elminin son bir neçə ildə bərbad idarəçiliyi, düşmüş olduğu acınacaqlı vəziyyət və ondan çıxış yolları ilə bağlıdır.”
Dəyərli Pərviz müəllim, ölkəmizdə ictimai fikrin formalaşmasında rolu olan jurnalistlərimizdən biri kimi Sizi də AMEA-da R.Mehdiyevin yaratdığı acınacaqlı şəraitin narahat etdiyi qənaətindəyəm.

Yaxşı bilirsiniz ki, R.Mehdiyev AMEA prezidenti seçildikdən sonra akademiyada elmi mühit məhv olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular tutub. Elmlə məşğul olan adamlar beziblər, canları boğaza yığılıb. Elmin təşkili və idarə edilməsində xaos yaranıb. Dünən institutlara göndərilən sərəncamdan bu gün imtina edilməsi, sabahısı gün ondan da imtina edilməsi az qala adi hala çevrilib. İslahat adı altında aparılan qarmaqarışıq, ziddiyyətli struktur dəyişiklikləri uğursuz olub və müasir çağırışlara qətiyyən cavab vermir. İnstitut direktorları hər hansı bir şəxsi işə qəbul etmək hüququndan məhrum ediliblər. Bununla da gənclərin elmə gəlməsinin qarşısı alınıb. Akademiya sistemində doktorantura və dissertanturaya ayrılan yerlərin çoxu boş qalır. AMEA elmində nəsillərin əlaqəsi və varislik yox olmaq üzrədir. Hökm sürən acınacaqlı mühit ucbatından alimlər, xüsusən gənclər çıxıb gedirlər. Həyatlarını elmə həsr edən fədakar insanlar isə gərgin psixoloji mühitdə boğulurlar. AMEA-da çalışan alimlərlə söhbət etsəniz, buna bir daha əmin olarsınız. Elmi işlərin əlaqələndirilməsi uğursuz olaraq tək bir əldə cəmləşdirilib. Başqa ixtisas sahibləri onlara çox uzaq olan digər ixtisaslardan məlum prinsiplərə görə şura üzvü təyin ediliblər. R.Mehdiyev akademiya təsis edildikdən bəri heç bir zaman rast gəlinməyən bir addımı atmaqla Azərbaycan ictimai elmini iflic halına salıb. AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasında institutların 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlarının müzakirəsinə institutların direktorları dəvət edilmədi. Əgər institut nümayəndələri hesabatlarının müzakirəsinə dəvət olunmurlarsa, onda AMEA institutları nə üçün fəaliyyət göstərirlər? Hesabatları institut rəhbərlərinin iştirakı olmadan necə müzakirə etmək, problemlərini necə bilmək və aradan qaldırmaq üçün tədbirlər görmək olar? Ən acınacaqlısı o idi ki, müasir çağırışlara cavab olaraq yaradılmış yeni institutları, o cümlədən Qafqazşünaslıq İnstitutunu R.Mehdiyev AMEA prezidenti seçilən kimi bağlamaq üçün səylərə başladı, əməkdaşlar arasında psixoz vəziyyət yaratdı. Dünyanın böyük dövlətlərində və qonşu olkələrdə Qafqaz regionunu öyrənən mərkəzlər, institutlar fəaliyyət göstərdiyi və yeniləri yaradıldığı bir zamanda akademiya rəhbərinin bu hərəkətini milli-dövlət maraqlarımıza ağır zərbə hesab edirəm. Nəticədə, erməni və gürcü dillərini bilən və məqalələri xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap edilən gənc istedadlı araşdırmaçılar institutu tərk edib getdilər. Azərbaycan elmi həmin gəncləri itirdi. Belə gəncləri yetişdirmək üçün bir neçə il lazım gələcək. Buna baxmayaraq, bu yaxınlarda AMEA prezidentinin göstərişi ilə rəhbərlikdən mənə zəng edərək hələ magistraturanın birinci kursunda oxuyan, heç bir araşdırma həvəsi və bacarığı olmayan bir gənci işə qəbul etməyi təklif edəndə qəti etiraz etdim. Dedim ki, masamın üstündə erməni və gürcü dillərini bilən istedadlı gənclərin CV-si var, müraciətlərimə baxmayaraq, sizlər yox demisiniz, indi belə bir adamı niyə göndərirsiniz, mən qəbul etməyəcəyəm, onsuz da institut direktorlarının heç bir səlahiyyəti yoxdur, verə bilirsinizsə, özünüz əmrini yazıb göndərin, istəyirsinizsə hətta institutun möhürünü də sizə göndərim. Və birbaşa dedim ki, sizlər nə üçün akademiyanı dağıdırsınız. Bu telefon danışığımız zamanı yanımda olan əməkdaşlarımız dedi ki, inanmıram həmin adamı göndərələr. Amma utanmadan göndərdilər. Mən də həmişəki kimi özümün prinsipial mövqeyimdə qaldım və rəsmi cavab yazaraq AMEA rəhbərliyinin təklifini rədd etdim.

Hörmətli Pərviz müəllim!

Bütün yuxarıda yazdıqlarıma və ictimaiyyət üçün yazmağı özümə rəva görmədiklərimə mən susqun qala, başqaları kimi “mənə nə” deyə bilməzdim. Siz mövqeyimin həmişə aydın, konkret və birmənalı olduğunu bilirsiniz. İnanıram ki, vicdanlı bir ziyalı kimi Siz də AMEA sistemindəki vəziyyəti dərindən bilsəydiniz mənimlə eyni mövqeni bölüşərək hayqırıb həyəcan təbili çalardınız.
Nəhayət, dəyərli Pərviz müəllim, saytınızda yazılmış iki məsələyə də münasibətimi bildirməyi zəruri hesab edirəm: Birincisi, həqiqətən də mən 1997-2003-cü illərdə Müsavat Partiyasının üzvü olmuşam, 2003-cü ilin oktyabr ayında törədilən qarışıqlara etiraz olaraq birmənalı mövqeyimi ortaya qoyub bəyanat verərək partiya sıralarından istefa vermişəm. Bu məsələdə heç kim mənə heç bir söz deməyib və deyə də bilməzdi. Bu, şəxsi qərarım olub. Çünki Siz nə qədər müşahidə etmisiniszə, müstəqil adamam, qərarlarımı özüm verirəm. Kimsə iradəmə və mövqeyimə zor edə bilməz. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda qarışıqlığın, anarxiyanın əleyhinə olan bir şəxsəm. Hesab edirəm ki, millətimizin tərəqqisinin təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət xadimi dayanır.
İkincisi, deputat seçilməyimdə R. Mehdiyevin rolu barədə məsələyə gəlincə, bəlkə də indiyədək belə bir absurd fikri heç kim eşitməyib. Deputatları R. Mehdiyev seçməyib, xalq seçib və seçir, bu seçimə də hörmətlə yanaşmaq lazımdır. Düşünürəm, elə R.Mehdiyev də bu gün getdikcə artan istefa çağırışlarına hörmətlə yanaşaraq Ümumi Yığıncaq toplanana qədər AMEA tarixində indiyədək rast gəlinməyən uğursuz akademiya prezidenti vəzifəsindən öz xoşu ilə gedəcək, seçkini gözləməyəcək…

P.S. Hörmətli Pərviz müəllim, ölkəmizdə fikir müxtəlifliyinin və azad medianın olduğuna inanaraq, mövqeyimi dərc edəcəyinizə ümid edirəm.

Musa Qasımlı,
Milli Məclisin Elm və təhsli komitəsinin sədr müavini,
AMEA-nın müxbir üzvü, professor,
Qafqazşünaslıq İnstitutunun direktoru