Hakim Yeni Azərbaycan Partiyası İlham Əliyevi növbədənkənar prezident seçkiləri üçün namizəd elan etdi.
Ölkəmizdə keçirləcək bu seçkilər ictimai-siyasi fəalların, jurnalistlərin həbsdə olduğu bir dövrə təsadüf etdiyindən seçkilərin dünyanın demokratik kəsimi tərəfindən tənqid olunacağı da şübhə doğurmur.
Milli Məclisin komitə sədri Musa Quliyev (Urud) Gununsesi.info-ya müsahibəsində ölkədəki siyasi vəziyyətə dair suallara cavab verib.
– Musa müəllim, Azərbaycan gərgin siyasi durumda seçkiyə gedir. İctimai-siyasi fəalların, jurnalistlərin həbsi fonunda dünyanın bu seçkiyə münasibəti nəzərə alınıbmı?
– Ölkədə heç bir qeyri-sabit durum yoxdur. Hər kəs sabit həyatını yaşayır. İctimai-siyasi sabitlik yüksək səviyyədədir. Bu gün nə kütləvi, nə də məqsədli həbs yoxdur. Cəmiyyət canlı orqanizmdir. Hər gün hansısa proseslər baş verə bilər. Bu gün kimsə həbs olunubsa, başqa biri də azadlığa çıxıb. Yaxud kimsə xəstələnibsə, başqa bir xəstə də sağalıb. Bunun seçki ərəfəsində olmasına heç bir aidiyyəti yoxdur.
Beynəlxalq ictimaiyyətin Azərbaycandakı seçkilərə münasibətinə dair sualınıza gəlincə, bizə ötən illərin təcrübəsi məlumdur. Beynəlxalq ictimaiyyətin Azərbaycana hal-hazırda marağı olduqca çoxdur. Azərbaycanda gedən prosesləri çox diqqətlə izləyirlər. Seçkinin legitimliyini kimsə tanıyacaq və ya tanımayacaq, bu, artıq bizi maraqlandırmır. Bizi maraqlandıran Azərbaycan xalqının fikridir. Azərbaycana qarşı həmişə mənfi münasibətində olan qurumlar vaxtilə bizdə olan seçkilərin nəticəsini həmişə şübhə altına alıblar. Bunlar bizi narahat etmir. Hesab edirəm ki, seçkilər yüksək demokratik şəraitdə keçiriləcək. Biz də hər kəsi dəvət edəcəyik ki, gəlib izləsinlər. Kimin niyyətinin necə olmasını da seçkilərdən sonra görəcəyik.
– Bir neçə ay öncə qardaş Türkiyədəki seçki həyəcanını bu ölkənin vətəndaşları ilə eyni qaydada yaşadıq. Azərbaycanda niyə belə rəqabətli seçki mühiti yoxdur? İlham Əliyevin rəqibləri ondan qat-qat zəif adamlardır. YAP üçün zəif rəqib üzərində qələbə nə dərəcədə məmnunluq yaradır?
-Bizdə rəqabət üçün meydan var. Kim özünə güvənirsə, meydana buyursun. Rinqin bir tərəfində YAP-dır, o biri tərəfində kim olacaqsa, buyursun. O bizim üçün əhəmiyyətli və maraqlı deyil. Seçkilərdə prezidentin rəqibi bitərəflər, radikal müxalifət partiyaları da ola bilər. Ötən illərdə bu, baş verib. Nəticə isə İlham Əliyevin böyük üstünlüklə qələbəsi ilə yekunlaşıb.
Biz heç birini dəvət də etmirik, eyni zamanda, qarşını da kəsmirik. Seçki Məcəlləsinə uyğun olaraq hüquqi prosedurlar əsasında kim namizədliyini irəli sürəcək, kim öz dəstək səsini toplayıb namizəd kimi qeydə alınacaqsa, onunla rəqabət aparmağa hazırıq. Biz nə edək ki, İlham Əliyevin olduqca böyük xidmətləri var və ona qarşı rəqib olan hansısa müxalifət lideri yoxdur. Bu bizim təqsirimiz deyil. Xalq İlham Əliyevi sevir və dəstəkləyir. Bu gün İlham Əliyevin seçki təbliğatlarına ehtiyac yoxdur. Bu mənada biz güclə müxalifət yaradası deyilik. Nə də müxalifətin qarşısını kəsmək fikrimiz yoxdur. İstənilən namizədləri ilə seçkiyə qoşulsunlar.
-İlham Əliyevin qələbəsinin şəksiz olduğunu dediniz. Bəs, bu qələdəbən sonra siyasi məhbus problemi, məhkəmə-hüquq sistemindəki mövcud durum necə, dəyişəcəkmi?
-“Siyasi məhbus” ifadəsini qəbul etmirəm. Hər kəs törətdiyi əmələ görə həbs olunur. Hər kəs də əfv üçün müraciət hüququndan istifadə edə bilir. Azərbaycan dövlətinin cəza icra siyasəti də humanizmə söykənir. Ötən illərdə onlarla əfv sərəncamı və amnistiya aktı qəbul olunub.
Hesab edirəm ki, seçkidən sonra Azərbaycan daha sürətlə həm demokratikləşmə və ölkənin sosial-iqtisadi inkişafı prosesini sürətləndirəcək.
Bunlar həm də dövlətimizin beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirmək istiqamətində daha da uğurlu addımlar olacaq. Əminəm ki, seçkilərdən sonra Azərbaycan daha güclü dövlət olacaqdır. Məhkəmə sistemində olan müəyən çatışmazlıqlara gəlincə, hər yerdə belədir. Əsas odur ki, bu çatışmazlıqların aradan qaldırılması üçün daima dövlətin və cəmiyyətin təşəbbüsləri var. Hesab edirəm ki, nəticələr də var. Müqayisə etdikcə kifayət qədər irəliləyişləri görürük. Dövlətin cəmiyyətin uğuru məhz elə bu problemləri görmək və aradan qaldırılmaqdan yaranır.
Şəbnəm Rəhimova
Gununsesi.info