Musa Quliyev və Qənirə Paşayevadan energetik içkilərlə bağlı - TƏKLİF

  • By admin
  • 30 Sentyabr 2019 14:05

“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm.

Gununsesi.org məlumat verir ki, bunu bu gün Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır:

“Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .

M. Quliyev həmçinin, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada qəbulunun vacib olduğunu,  onun növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib:

“Artıq bu məsələdən 10 il ötür. Ona görə hesab edirəm ki, bu qanun layihəsi də müzakirələrə çıxarılmalı və qəbul edilməlidir”.

***

 

Millət vəkili Qənirə Paşayeva öz növbəsində həmkarı M. Quliyevin energetik içkilər və “Reklam haqqında” qanuna dəyişikliklə bağlı təklifini dəstəkləyib.

O, bildirib ki, mövcud qanuna ciddi dəyişikliklər edilməli, energrtik içkilərin reklamı qadağan olunmalıdır:

“Bu, çox ciddi məsələdir, gənclərimizin sağlamlığı, gələcəyi məsələsidir. Onların energetik içkilərdən istifadəsi, eyni zamanda, onları buna təşviq edən, həvəsləndirən reklamların yayımı qadağan edilməlidir. Buna çox ciddi ehtiyac var”.

Millət vəkili reproduktiv sağlamlıqla bağlı qanun layihəsinə də toxunaraq, onun da müzakirəsini və qəbulu vacib sayıb:

“Bu qanun layihəsinin də artıq müzakirəsinə və qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun”.

***

Birinci vitse-spker Ziyafət Əsgərov da millət vəkillərinin energetik içkilərlə bağlı fikirlərini dəstəkləyib.

Ancaq onu da bildirib ki, ilk öncə bu məsələ ilə bağlı ciddi maarifləndirmə, təbliğat işləri aparılmalıdır.

Gununsesi.org