Musa Quliyev: “Yaxşı dərmanlar istehsal edən müəssisələr qursaq, bu, ölkəyə əlavə valyuta gətirəcək”

  • By admin
  • 13 İyul 2016 21:32

mussa

 

“Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlandığını bildirib. “İndi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilibdir, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, dərman preparatlarının istehsalı üçün indi ciddi proqram hazırlanır və bir klastr yaradılmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri millət vəkili Musa Quliyev dilə gətirib. Onun sözlərinə görə, beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik.  Millət vəkilinin dediyinə görə, prezident  bildirib ki, bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq.

“Ümumiyyətlə, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq.

Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Gununsesi.info