BMT-nin Baş Assambleyası böyük səs çoxluğu ilə dünya ölkələrini Ukraynanın dörd regionunun Rusiya tərəfindən ilhaq cəhdini pisləyən və Moskvanı bu ilhaq üçün keçirilmiş referendumların nəticələrindən imtina etməyə çağıran qətnamə qəbul edib.
Gununsesi.info-nun xəbərinə görə, BMT-nin 143 üzvü bu qətnamənin leyhinə, 5 üzvü əleyhinə səs verib.
Azərbaycan, Burkina Faso, Kamerun, Cibuti, El Salvador, Ekvatorial Qvineya, İran, Türkmənistan və Venesuela səsvermədə ümumiyyətlə,iştirak etməyiblər.
Bu fakt isə sosial şəbəkələrdə Azərbaycan hökumətinin əleyhinə çıxışlara səbəb olub.
Onu da qeyd edək ki, hökumət tənqidçiləri eyni halın dəfələrlə baş verdiyin vurğulayaraq, bunu hökumətin Rusiyadan çəkinməsi ilə əsaslandırır.
YAP-çı deputat Musa Urud isə Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkidlə ifadə etdiyini bəyan edib: “Müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya öz dəstəyini bildirib. Bu ölkənin ərazi bütövlüyünü tanıdığımızı bəyan etməklə yanaşı, həm də humanitar yardımlarımızı da göstərmişik. Bu addımlarımız artıq ənənə halını alıb”.
Musa Urud Azərbaycanın BMT-dəki sessiyada səsverməyə qatılmamasına anlayışlı yanaşmanın tərəfdarı olduğunu deyib: “Bu gün Azərbaycanın özü konfiliktin içindədir. Hazırda həllini tapmamış bir sıra məsələlər var. Praqmatik olmaq lazımdır. Bu gün özümüzə əlavə problem yaratmamalıyıq. Mən hesab edirəm ki, Ukrayna hökuməti bizə anlayış göstərəcək”.
Pərviz
Gununsesi.info