Musk Ukraynaya Starlink-in sürətini aşağı salmaq əmri verib

  • Müəllif: Orxan
  • 21 Oktyabr 2026 09:13

ABŞ-li milyarder İlon Maskın Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk internetinin sürətini azaltmaq barədə göstəriş verdiyi iddia olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri məlumat yayıb.

Məlumata görə, ötən həftə tətbiq edilən məhdudiyyətlər Ukrayna istehsalı olan bəzi pilotsuz uçuş aparatlarının peyk şəbəkəsinə qoşulma imkanlarını zəiflədib. Nəticədə hücum və müdafiə dronlarının bir sıra əməliyyatlarının çətinləşdiyi bildirilir.

Mənbələr Maskla ABŞ Prezidenti Donald Trampın Starlink-in sürətinin azaldılması ilə bağlı qərar barədə telefon danışığı apardıqlarını iddia edirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Starlink ölkədə tamamilə bağlanmayıb, lakin sürət məhdudiyyətləri onun hərbi və humanitar məqsədlərlə istifadəsinə təsir göstərib.

İlon Mask isə Starlink-in hərbi versiyası olan Starshield sisteminə dair sürət və istifadə məhdudiyyətləri ilə bağlı qərarların ABŞ hökuməti və hərbçilərinin nəzarətində olduğunu bildirib.

Gununsesi.info