
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
Gununsesi.info xəbər verir ki, Respublika Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Həmin gün düz 30 il Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib.
2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişiklərdən sonra 18 oktyabr – Dövlət Müstəqilliyi Günü, 12 noyabr – Konstitusiya Günü və 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib.
Azərbaycanda 18 Oktyabr bayram sayılsa da, rəsmi iş günüdür. Həmin tarixlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır.
Qeyd edək ki, 1992-2006-cı illərdə bu tarix Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. O zaman 18 Oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı, bu, tənqid edilmişdi.
Onu da vurğulayaq ki, iki il əvvəl Azərbaycan Milli Məclisinə “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (28 may) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu.
Az sonra da layihə parlamentdə qəbul edildi.