Müxalifət növbədənkənar prezident seçkilərini konstitusiyaya uyğun hesab edir

  • By admin
  • 05 Fevral 2018 16:32

“Azərbaycanda aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri konstitusiyaya uyğundur. Növbədənkənar prezident seçkiləri 2016-cı ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra dövlətin idarə olunmasındakı fərqlilyiyi və uyğunsuzluğu aradan qaldıracaq”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan Demokrat Patiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Konstitusiyaya edilən dəyişiklikdən sonra dövlətin idarəedilməsində müəyyən fərqlilik var idi: “Biz hələ o zaman növbədənkənar seçkilər keçrilməsini təklif etmişdik. Bəyan etmişdik ki, növbədənkənar prezident seçkiləri keçirilməli və bu idarəetmədəki uyğunsuzluq aradan qaldırılmalıdır”.

ADR lideri hesab edir ki, bu növbədənkənar seçkilər olduğundan seçkilərdə iştirakla bağlı qaydalarda da dəyişiklik edilərək sadələşdirilməlidir: “Çünki qrafika uyğun seçkilərlə növbədənkənar seçkilər arasında vaxt baxımından fərq olduğundan, seçkilərdə iştirak etmək istəyən müxalifət və digər qüvvələrə, insanlara şərait yaradılmalı və iştirak maksimum asanlaşdırılmalıdır. Şans verilməlidir ki onlar da seçkilərdə iştirak edə bilsin. O baxımdan seçkidə iştirakla bağlı qaydalar müəyyən dəyişiklik edilməlidir”.

ADP sədri hesab edir ki, onsuz da qeyri-bərabər vəziyyətdə olan müxalifət bu qərarla daha olumsuz duruma düşdü: “Hesab edirəm ki, seçkidə iştirak etmək istəyən qüvvələr yəqin müəyyən addımlar atacaq”.

Cəlaloğlu onu da əlavə edib ki, bu günlərdə bir sıra müxalifət partiyaları bir araya gələrək yaranmış durumu dəyərləndirərək, ümumi qərar verəcəklər: “Ya iştirak, ya imtina”.

Müxalifətin seçkidə iştirakının tərəfdarı olan ADP sədri deyib ki, milli problemləri qaldırmaq, alternativ ideyalar və proqramlar imkanı olur, müxalifət bu şanslardan yararlanmalıdır.

Siyasi icmalçı Azər Rəşidoğlu isə hesab edir ki, ölkə daxilində baş verənlər dövlət başçısını tələsməyə vadar edə bilməzdi.: “Deməli, bu məsələdə xarici amillər mövcuddur. Martda Rusiyada prezident seçkisidir. Putin qələbə qazanacaq, bu birmənalıdır. Lakin Rusiyada anti-amerikanizmlə yanaşı, anti-Putin əhvalı güclənir. Vladimir Putin hər seçkidən sonra xarici düşmən tapıb, reytinqini gücləndirib. Martda qalib gələcək Putinin payıza qədər mövqelərinin zəifləyəcəyini anlayır, o, rusların ağır sosial durumunu və ABŞ-ın sanksiyalarının nələrə gətirib çıxaracağını başa düşür. Yayda Rusiyada futbol üzrə dünya çempionatıdır, deməli, onun üçün yaydan payıza qədər zamanı olacaq ki, xarici qələbə qazansın. 2008-ci il seçkilərindən sonra Rusiya Gürcüstana hərbi müdaxilə etdi. Olimpiya oyunlarından sonra 2014- cü ildə Kreml Krımı işğal etdi. Bu dəfə hədəfin Azərbaycan olmayacağını kim deyə bilər? Payızda və ilin sonunda ABŞ-da konqressə seçkidir. Təzyiqlər artacaq. Heç bir baxımdan payız əlverişli deyil. Martda Ermənistan parlament usul idarəsinə keçir. Qarabağla bağlı plan seçkiyə təsir edəcəksə, deməli, Azərbaycan yeni erməni iqtidarı ilə qarşıdurmaya gedəcək. Lakin bu, az inandırıcıdır. Qarabağla bağlı dəyişiklik gözləmirəm. Əfv fərmanı ilə siyasi məhbusların önəmli hissəsi azad ediləcək seçkiyə qədər. İlqar Məmmədov və digər siyasi məhbusların azad olunacağı istisna deyil. İlqar bəyin azad olunması hakimiyyət üçün ciddi təhlükə kəsb etmir. Digər müxalifət namizədləri də qorxulu deyil. Hakimiyyət üçün onlar o qədər də güclü rəqib deyil. Ən güclü rəqib Əli İnsanovdur, onun da proseslərə ciddi təsir imkanı önəmli deyil. Deməli, narahatlıq daxili amillə bağlı deyil. Manatın buraxılıacağı da inandırıcı deyil. Neft qalxır, seçkilərə qədər manatın kursunu saxlmaq mümkün olacaq. Qalır Moskva amili. Deməli, payızda Rusiya Azərbaycana diş qıcıda bilər. Qərb birmənalı NATOpərəst mövqe tələb edə bilər. Payız seçki üçün əlverişli vaxt deyil. Qərb Azərbaycanda hakimiyyəti laxlatmaq istəsəydi, güclü media yaradardı. Bu yoxdur. Mövcud olan, qərbpərəst media örtüyü olan balaca KİV isə müxalifətin bir qanadını təmsil edir və təsir imkanı olduqca zəifdir. Artıq qrantlar vasitəsilə də müxalifəti gücləndirmək taktikası yoxdur. Olan qalan pullar da (hansısa adlarla ölkəyə gətirilən) ümumi işə sərf edilmir. Bir sözlə, hakimiyyət daha münasib vaxt seçib və asanlqıla qələbə qazanmağı planlaşdırıb”.

Müxalifətə gəlincə isə A.Rəşidoğlu hesab edir ki, müxalifət zəif durumda yaxalandı, vəziyyəti dəyişməyə nə vaxt, nə güc var, yenə də seytnot təhlükəsi mövcuddur.

Mürtəza 

Gununsesi.info