“Bu gün müxalifət tərəfindən səsləndirilən əksər bəyanatlar Paşinyanın hərbi paraddan sonra artan nüfuzunu aşağı salmağa hesablanıb”.
Bunu Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Məqsəd onun seçicilər tərəfindən dəstəyini azaltmaqdır. Ən azından qərarsız bir kütlə var ki, kimə səs verəcəyini bilmir. Müxalifət də həmin insanların səsini qazanmağa yönəlmiş addımlar atır.
Bir çoxları hesab edir ki, Ermənistanda Koçaryan hakimiyyətə gələcəyi təqdirdə, əvvəlki, “qələbəni” geri qaytarmağa çalışacaq.
KTMT kağız üzərində yaradılmış hərbi təşkilatdır. Guya NATO-ya alternativ olaraq formalaşdırılıb. Rusiya bu təşkilatı yaratmaqla öz nüfuz dairəsini genişləndirməyə, hərbi infrastrukturunu sərhədlərindən kənarda yerləşdirməyə və öz ərazisinin təhlükəsizliyini təmin etməyə çalışırdı. Başqa sözlə, mümkün NATO–Rusiya qarşıdurması baş verərsə, bu qarşıdurma KTMT-yə üzv olan digər ölkələrin ərazilərində cərəyan edəcək.
KTMT-nin müqaviləsinə baxsanız, onun 4-cü maddəsi NATO-nun 5-ci maddəsi ilə eynidir. Yəni üzv dövlətlərdən birinə hücum olarsa, digər ölkələr onu müdafiə etməli, hüquqi, hərbi, mənəvi, siyasi və diplomatik dəstək göstərməlidirlər. Amma göründüyü kimi, KTMT indiyədək dünyanın heç bir yerində hər hansı münaqişədə iştirak etməyib. Heç onun bəyanatlarını da ciddi qəbul edən yoxdur.
Paşinyan KTMT-nin baş katibini vəzifədə olduğu dövrdə gözləmədi ki, onun səlahiyyət müddəti başa çatsın. Həmin generalı həbs etdirdi. Bununla da KTMT-yə münasibətini açıq şəkildə ortaya qoydu. Bu hadisə 2018-ci ildə baş verib. Üstündən 8 il keçəndən sonra ayılıblar ki, guya Paşinyan KTMT ilə münasibətləri korlayır”.
Şəbnəm Rəhimova










