“Müxalifət səfirliklərdən ucuz kreditlər alıb, bahalı öhdəliklərə can atırdılar” -DEPUTAT

  • By admin
  • 20 Fevral 2018 15:06
“Qrudinin gedib traktor sükanına əyləşəndə, bizim müxalif qüvvələr qərbetiketli arabalarına oturub səfirliklərin dəhlizlərində ucuz kreditlər, bahalı öhdəliklərə can atırdılar”.
 
Bu fikri  Gununsesi.info-ya deputat Zahid Oruc Rusiyadakı president seçkiləri  ilə Azərbaycanda keçirilən prezident seçkilərindəki müxalifətin fərqli yanaşma tərzinə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Qrudinin ənənəvi sol baxışlı Rusiya cəmiyyətində kəskin siyasi kurs dəyişikliyinə səbəb olası deyil: “Lakin partiya bolluğundan əziyyət çəkən bir ölkədə fərqli nümunələr sözsüz ki, xalqı hakimiyyət həyatına qaytarmaq baxımından çox effektlidir”.
O əlavə edib ki, kommunistlərin solğun və öləziyən baxışlarla ənənəvi namizədləri üzərindən növbəti seçkilərə qatılmaq qərarı verilərkən “çiyələk kolları” arasında doğulan parlaq bir sima Rusiya ictimai-siyasi məkanında əsil canlanma yaratdı: “Hamı görür ki, aydın, səlis və dəqiq hədəfləri olan bir şəxs bütün partiyalar və ənənəvi politoloqlar fabrikindən kənarda meydana çıxıb və ölkənin gələcək perspektivinə dəqiq mesajları ilə təkcə sadə vətəndaşların deyil, eləcə də dövlət elitasının rəğbətini qazanır.
Kreml texnoloqlarının bütün resursları Qrudinin əleyhinə işləməsə də rəsmi kanallarda qaralama kampaniyasına artıq start verilib.Kiselyovun Rossiya-1 artilleriyası Lenin kolxozuna gələn sovet müffəttişləri kimi hər şeyi didik-didik edir. Başadüşülən haldır. Məgər Qərb seçkiləri belə deyil?
Beynəlxalq Valyuta Fondunun keçmiş sədri Stros Kanı bir dağlı qızı ilə ləkələyib Sarkozinin prezidentliyə gedən yolunu açmadılarmı? Yaxud,elə son seçkilərdə Yeliseyin sirli dəhlizlərində Fransua Fiyonu 2 ayın içərisində siyasi linçə məruz qoyub rotşildlərin Makronunu meydana çıxarmadılarmı? Əsil camaşır landromatları Qərbin baş binalarında qurulub və onu işlədən adamlar da dünyaya təmzilik,məsumluq dərsi keçirlər”.
Azərbaycana gəldikdə isə Z. Oruc deyib ki, Azərbaycan siyasi həyatında  belə bir siyasətçi nümunəsi yoxdur. “Məsələn, son 25 ildə Qrudin torpaq şumlayanda, Azərbaycan müxalifətində qərarlaşmış antihakimiyyət kazarması  minlərlə bəyanatı çap dəzgahlarının ağzından qapıb tirajlayırdılar.Axı faydalı iş əmsalı müasir demokratiyanın ölçü vahidi deyil,ona görə..
Qrudinin gedib traktor sükanına əyləşəndə, bizim müxalif qüvvələr qərbetiketli arabalarına oturub səfirliklərin dəhlizlərində ucuz kreditlər,bahalı öhdəliklərə can atırdılar. Nədənsə,təhtəlşüurlarındakı hakimiyyəti kənardan gözləmək mərəzi onları heç vaxt tərk eləmir.
Qrudinin çiyələk yeşiklərini komplektləşdirəndə bizim barrikadaçılar və siyasi romantiklər bütün kəndi məhv etdyinə görə hakimiyyəti qınamaqda davam edirdilər.
Nəhayət,real bir qüvvə kimi xalqın içərisindən,zəhmətdən və halal əməkdən yoğrulub Rusiya taxt-tacına iddiasını orataya qoyanda, hamı “müqəddəs Pavel”i qarşısında görüb onu xalqın adamı sayanda bizim müxalif camiyəmiz növbəti pambıq beşilliklərini lənətləmək üçün ümummilli seçki kampaniyasından da özünü kənar saxladığını elan edir.
İndi sizcə,bir dəfə də olsun gedib ağac əkməyən,suvarma ilə məşğul olmayan, ayağı parketlərə öyrəşmiş taliban təfəkkürlü bir qüvvə ilə siz Qrudinini bir tutardınızmı?
Torpaqdan kənarda formalaşan müxalifətin xalqa heç bir bağlılığı yoxdur”- deyə, Z. Oruc bildirib.
 
 Mürtəza
Gununsesi.info