Bizə qarşı müxtəlif media vasitələrindən istifadə edirlər - İLHAM ƏLİYEV DEYİR Kİ...

  • By admin
  • 11 May 2019 07:40

“Uzun illərdir ki, Azərbaycanda sabitlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Xalqın bizim siyasətə göstərdiyi dəstək bizə güc verir və eyni zamanda, imkan verir ki, islahatları dərinləşdirək və Azərbaycanın uğurlu dayanıqlı inkişafını təmin edək”.

Gununsesi.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib:

“Sabitlik hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Dünyaya, beynəlxalq mənzərəyə baxın. Harada ki, sabitlik pozulur, ölkələr geriyə gedir, idarəolunmaz vəziyyətə düşür, ölkələrdə xoşagəlməz proseslər başlayır, xarici təsir artır, daxili çəkişmələr baş verir və ölkələr öz gələcəyini itirir. Son illər ərzində sabitliyi pozulan ölkələrin bugünkü mənzərəsinə nəzər salın. Nə görəcəyik? Müharibə, qardaş qanının tökülməsi, dağılmış şəhərlər, sıradan çıxmış infrastruktur, iflic vəziyyətə düşmüş sənaye, milyonlarla qaçqın-köçkün, çadır şəhərcikləri, o şəhərciklər ki, biz onlardan 2007-ci ildə xilas olmuşuq. Mən o vaxt seçkiqabağı söz vermişdim ki, 5 il ərzində bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Bunu biz 4 ilə etdik. Yəni, sabitliyin pozulması buna gətirib çıxarır. Hər bir insan bilməlidir ki, sabitlik böyük sərvətdir. Biz bunu çox böyük fədakarlıq göstərərək əldə etmişik.

Yadımıza 1990-cı illərin əvvəllərini salaq. Nələr baş verirdi? Azərbaycan idarəolunmaz vəziyyətdə idi, Azərbaycan müstəqil siyasət apara bilmirdi. Müxtəlif çaxnaşmalar, toqquşmalar ölkəmizi tamamilə iflic vəziyyətə salmışdı. Bundan istifadə edən Ermənistan torpaqlarımızı zəbt etdi. Əgər o vaxt Azərbaycanda sabitlik olsaydı və əgər o vaxt Heydər Əliyev kimi şəxsiyyət Azərbaycanın rəhbəri olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşə bilməzdi. Ona görə biz bilməliyik ki, sabitliyin mövcudluğu Azərbaycanın, gənc nəslin xoşbəxt gələcəyidir. Bir daha demək istəyirəm ki, Azərbaycanda sabitlik möhkəm qorunur. Düzdür, bəzi cəhdlər göstərilir, tam iflasa düçar olmuş bəzi qruplaşmalar, hansılar ki, Azərbaycanı 1990-cı illərdə bərbad vəziyyətə qoydular, həmin dəstələr yenə də nə isə əldə etməyə çalışırlar.

İndi onların mübarizə üsulu yalan, şər, böhtan, uydurma, iftiradır. Onların bundan başqa mübarizə üsulu yoxdur və müxtəlif media vasitələrindən istifadə edərək ölkəmizə qara yaxırlar. Həm ölkə daxilində, həm də xaricdə çox eybəcər bir mənzərə yaratmağa çalışırlar. Azərbaycan xalqı onları yaxşı tanıyır. Məhz onlar Azərbaycanı bərbad vəziyyətə qoydular, onlar ölkəmizi dağıtdılar, onlar vətəndaş müharibəsinə start verdilər, qardaş qanı tökdülər. Azərbaycan xalqı heç vaxt imkan verməz ki, antimilli, xəyanətkar ünsürlər Azərbaycanda nə isə əldə etsinlər. Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi yaxşı bilir”.