Myanmada hərbi rejimə qarşı yeni mülki hökumət qurulub

  • By admin
  • 01 Aprel 2021 19:38

Cümə axşamı istefaya göndərilən bir qrup millət vəkilinin hərbi xuntaya qarşı mübarizə aparacaq yeni mülki hökuməti elan etməsindən sonra nümayişçilər ölkənin konstitusiyasının nüsxələrini simvolik olaraq yandırıb.

“Üsyançıların Pyidanqsu Hluttau Nümayəndələr Komitəsi” (CRPH) adlandırdığı hökumət noyabr ayında seçilən, lakin fevralın 1-də hərbçilər tərəfindən devrilən ölkənin faktiki lideri Aunq San Su Çinin Demokratiya Uğrunda Milli Ligasının üzvlərindən ibarətdir.

CRPH ordunun 2008-ci ildə hazırladığı və əlli ildən sonra Myanmaya demokratiya gətirən, lakin ordunun gücünü və mülki hökumətdəki nüfuzunu qoruyan konstitusiyanın əvəzinə yeni bir federal konstitusiya elan etdi.

CRPH tərəfindən hazırlanan yeni konstitusiya on illərdir daha çox muxtariyyət uğrunda mübarizə aparan Myanmanın regional etnik qruplarının tələblərinə də cavab verir.

Xuntanın Myanmadakı demokratiya tərəfdarlarına qarşı zorakılıqları son günlərdə etirazçıları dəstəkləyən etnik üsyançılara qarşı da artıb. Hərbi qüvvələr üsyançıların hərbi və polis mərkəzlərinə hücumlarına cavab olaraq Şərqi Myanmada etnik Karen üsyançılarına qarşı hava hücumları həyata keçirib. Hava hücumları minlərlə insanı sərhədi keçərək, qonşu Tailanda qaçmağa məcbur edib.

Vəziyyətin ağırlaşması çərşənbə günü BMT-nin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burgeneri Təhlükəsizlik Şurasına “ mülki hökumət bərpa edilmədiyi təqdirdə, ölkədə vətəndaş müharibəsi ehtimalı” barədə xəbərdarlıq etməyə məcbur edib.

Qeyri-hökumət təşkilatı olan Siyasi Məhbuslara Yardım Dərnəyi keçən şənbə, Silahlı Qüvvələr Günü qeyd edilərkən çoxu qadın və uşaq olmaqla, 100-dən çox etirazçının öldürüldüyünü bildirib. Təşkilat etirazların başladığı gündən bəri isə xunta tərəfindən 536 nəfərin öldürüldüyünü, 2700-dən çox insanın həbs və ya ittiham edildiyini təxmin edir.