“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktına görə ittiham olunan zabitlərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, müttəhimlərdən 4 nəfərin işinə eyni icraatda baxılır. Bunlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi olmuş general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin eks-Maliyyə idarəsi rəisi Vüsal Əlizadədir.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.

Bundan əvvəlki prosesdə hazırda müttəhim kürsüsündə əyləşən 4 nəfərlə birgə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan, lakin cinayət işi ayrıca icraata götürülən Rafail Xələfovun ifadəsi yarımçıq qalmışdı. Bir müddət əvvəl azadlığa buraxılan Xələfov ibtidai istintaq dövründə ayrı-ayrı vaxtlarda 3 dəfə ifadə verib. Bu dəfə məhz həmin ifadələr arasındakı ziddiyətlər müzakirə edilib.

R.Xələfov istintaq dövründə verdiyi sonuncu ifadəni təsdiq edir, onun əsas götürülməsini istəyir. General Məmmədov da daxil olmaqla mühakimə olunan 4 nəfər isə onun ilk dəfə dediklərinin düz olduğunu deyirlər.

Xələfov təsdiq etdiyi ifadəsində deyir ki, qoşunlardan müxtəlif adlarla yığılan vəsaitin böyük əksəriyyəti Nizami Məmmədova çatıb. O, mənimsəmə ilə bağlı demək olar bütün epizodlarda Məmmədovun adını çəkib.

Maraqlısı isə odur ki, polkovnik ilk ifadəsində başqa cür danışıb, hərbi hissələrdən toplanan pulların 50 faizini özü götürdüyünü, 50 faizini isə Nizami Məmmədova verdiyini etiraf edib.

General Məmmədovun vəkilləri Rəşad Mirmehdizadə və Faiq Hüseynov ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün Xələfova bir neçə sual veriblər. Lakin vəkilləri maraqlandıran əsas suallar cavabsız qalıb.

Rəşad Mirmehdizadə ən birinci ondan nəyə görə məhz istintaqdakı sonuncu ifadəsini təsdiq etdiyini soruşub: “Bu sualı ona görə verirəm ki, sizin ilk ifadənizdə dediklərinizlə Nizami Məmmədovun dedikləri eynidir. Amma sonradan fərqli danışmısız”, – deyə vəkil sualını aydınlaşdırıb.

Xələfov bunu ilk dəfə ifadə verərkən həbs edildiyinə görə həyəcanlı olması, nə danışdığını bilməməsi ilə əlaqələndirib.

“Nizami Məmmədovun sizin ilk ifadənizdən xəbəri olmayıb. Amma ikiniz də epizodlar üzrə eyni rəqəmləri demisiz. Yaxşı, siz deməsəz, müstəntiq bunları haradan bilə bilər? Özündən yazmayıb ki…Necə həyəcanlı olmusuz ki, dediyiniz bütün rəqəmlər eyni olub?”,- deyə vəkil əlavə edib.

Müdafiəçi çarpaz şəkildə eyni sualla müvəkkilinə də müraciət edib.

N.Məmmədov keçmiş işçisinin dediklərinə etiraz edərək onun birinci ifadəsinin düzgün olduğunu bildirib:

“İlkin dindirilmədə mənə nə məruzə edibsə, onu da deyib. Sonradan ifadədə adlarını çəkdiyi digər insanlar bunun üzünə dayandığına görə hər şeyi mənim üstümə atıb. Ondan fərqli olaraq mən ilk gündən nə demişəmsə, hələ də üstündə durmuşam”.

Vəkil Faiq Hüseynov isə Xələfovdan müstəntiqə ifadə verərkən psixoloji təzyiqə məruz qalıb-qalmamasını soruşub.

“Heç bir təzyiq olmayıb. Amma sonuncu ifadəmdə dediyimi təsdiq edirəm”, – sorğulanan cavab verib.

Eyni məsələ prokuror Fuad Musayevdə də sual yaradıb.

“Hər şeyə “təsdiq edirəm” deməklə olmur e… İlk ifadənizdə siz səhv danışmısız, yoxsa müstəntiq səhv yazıb?” – prokuror soruşub.

“Mən səhv demişəm. Ona görə ki, həyəcanlı idim. Amma maliyyələşmədə aldatma olub, özü də külli miqdarda. Elə mən özüm ikinci korpusda 2 milyon yarım yeyinti çıxarmışam. Həm də “yeməyiblərsə”, niyə oradadılar? (şüşə qəfəsi göstərir – red.)”, – Xələfov cavab verib.

Təqsirləndirilən Bayram Bayramov da Xələfovun dedikləri ilə razılaşmır. Bayramovun sözlərinə görə, 6 hərbi hissədən yığdığı pulu şəxsən R.Xələfova verib. O, general Məmmədovun ən yaxın adamının elə Xələfov olduğunu da məhkəmənin diqqətinə çatdırıb.

Prokurora maraqlı gələn məsələlərdən biri də Nizami Məmmədovun idarə rəisi işlədiyi müddətdə qanun pozuntularına yol verən işçiləri yoxlamamasıdır. General bunun səbəbini kadrlarına güvənməsi ilə əlaqələndirib:

“Düşünürdüm ki, kadrlardan kimlərisə güdsəm, xoşlarına gəlməz, pis olarlar. Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam”.

Polkovnik Xələfov Məmmədovun sözlərini ona şamil olunmuş kimi qəbul edərək, “əfi ilan özünsən” deyə generala cavab verib. Bu vaxt onlar arasında sözlü mübahisə yaransa da, hakimin xəbərdarlığı ilə ara sakitləşib.

Prosesin davamında təqsirləndirilən Cəlal  Kazımov suallar versə də, R.Xələfov cavab verməkdən imtina edib.

“Tutulası adam da budur, biz deyilik. Ən çox yeyən” bu olub”, – Kazımov deyib.

Vəkil R.Mirmehdizadə vəsatət qaldıraraq Rafail Xələfovun bütün iclaslarda iştirak etməsini istəyib: “Göründüyü kimi, Xələfovun bütün məsələlərdə rolu olub. Ən çox mənimsəmə də ona aiddir. Hesab edirəm ki, digər şahidlərin də dindirilməsi zamanı çarpaz sual-cavab ola bilər”.

Vəkilin qaldırdığı vəsatəti prokuror da dəstəkləyib.

Hakim indiki mərhələdə vəsatətin təmin edilməsi zərurəti olmadığını elan edərək növbəti şahidi ifadə vermək üçün kürsüyə dəvət edib.

Ehtiyatda olan polkovnik-leytenant Emin Poladov uzun illər hərbi sahədə bir neçə maliyyə şöbəsinə rəhbərlik edib. Poladov 2015-2020-ci illərdə Cəmşid Naxçıvansiki adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi-hissədə maliyyə şöbəsinin rəisi olub.

Şahid deyib ki, maliyyə xidmətində işlədiyi vaxtlarda təftiş üçün pullar yığılıb. Təftişi kim həyata keçiribsə, pulu da ona verib.

Şahid vəkillərin sualları əsasında istintaq dövründə Rafail Xələfovla üzləşməsindən danışıb.

Deyib ki, onunla üzləşməsi Hərbi Hospitalda işlədiyi vaxt təftiş aparan Teymur Teymurova 550 min manat verməsi ilə bağlı olub. Həmin vaxt Rafail Xələfovla telefonla danışıb, 550 min manatı Teymura verməsini tapşırıb. İstintaqdakı üzləşmədə isə elə söz dediyini boynuna almayıb.

Vəkil Mirmehdizadənin “Nizami Məmmədov sizə göstəriş verib ki, filan qədər topla gətir?” sualına şahid “general tərəfindən belə göstəriş olmayıb”, – deyə cavab verib.

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.