Tanınmış telejurnalist Jalə Həsənli Bakının Yasamal Rayonunda nəqliyyatın durumu barədə təəssüratlarını yazıb.
Gununsesi.info mövzunun aktuallığını nəzərə alıb həmin qeydləri təqdim edirik.
“Möhtəşəm” bir gün yaşamışam. Sizinlə də bölüşüm.
Məktəblər hələ açılmayıb Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?
Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək?
Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir.
Hələ avtobusa daxil olan bəzi “smart sərnişin”ləri demirəm. Avtobusda orta boş, arxa boş, minən düz sürücünün yanında dayanır. Sürücü “zəhmət olmasa, arxaya keçin” deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir.
İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar?
Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm.
Şəxsi avtomobildən istifadə desəniz, o da müşkül məsələdir. Onda da parklanma dərdi ortaya çıxır. Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina tikirlər, mağaza tikirlər, parklanma yeri yox. 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən.
Ən yaxşı variant velosipeddir deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək mümkün belə deyil.
Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.
Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır? Deyin, üzümüzü ona tutaq danışaq.
Var?
Jalə Həsənli