Nə zərərçəkənin özü, nə də şahidlər ortaya sübut qoya bilib - AZƏR QASIMLININ VƏKİLİ MƏHKƏMƏDƏN ƏDALƏT TƏLƏB EDİR

  • By admin
  • 11 Mart 2026 10:38
Siyasi Menecment İnstitutunun rəhbəri, tanınmış siyasi xadim Azər Qasımlının məhkəmə prosesi davam edir.
1 il 3 aydır ki, həbsdə olan tanınmış siyasətçi  Cinayət Məcəlləsinin (CM) 182.3.2-ci maddəsi ilə ittiham olunur.
Gununsesi.info-nun xəbərinə görə, Azər Qasımlının vəkili Rövşanə Rəhimova sonuncu prosesdə müdafiə çıxışı edib.
Onun sözlərinə görə, CM-nin 182-ci maddəsində nəzərdə tutulan cinayətlərin əsas mahiyyəti hədə-qorxu gəlməklə özgənin əmlakını əldə etməkdir: “Amma bir ildən artıq davam edən araşdırmalar nəticəsində biz bu halı təsdiq edən yalnız bir sübutla üz-üzə qaldıq. O da, Qurbanəli Yusibovun ifadələridir.
Düzdür, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı ittiham tərəfinin bir çox şahidləri dindirildi. Onlardan bəziləri (məsələn, Qurbanəli Yusibovun atası Vidadi Yusibov, anası Səlminə Yusibova, xalası oğlu Ramazan Yusifzadə, dostu Fikrət Məmmədov) Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəldiyini göstərdilər. Lakin həmin şahidlər onu da qeyd etdilər ki, onlar Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəlməsini görməyiblər, bu faktı bilavasitə eşitməyiblər və bu faktı yalnız Qurbanəli Yusibovun onlara deməsindən bilirlər”.
Vəkil deyib ki, məhkəmədə onlara müdafiə tərəfindən “Azər Qasımlının Qurbanəli Yusibovu təhdid etdiyini şəxsən görmüsünüzmü” sualına hamısı “yox” cavabı veriblər: “Onlar yalnız dolayası ilə Qurbanəli Yusibovun sözləri ilə bu məsələdən məlumatlıdırlar.
İstənilən halda bu şahidlərin Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəlməsi barədə ifadələri sübut əhəmiyyəti daşımırlar. Çünki Cinayət Prosessual Məcəlləsi (CPM) birmənalı şəkildə belə şahid ifadələrindən sübut kimi istifadəni qadağan edir.
Cinayət işi üzrə ifadə verən Nəriman İsmayıl yeganə şahiddir ki, Qurbanəli Yusibov borc haqqında qəbz imzalanan gün ofisdə olduğunu və heç bir təhdid və təzyiqin olmadığını həm istintaqda, həm də məhkəmədə deyib”.
Vəkilin sözlərinə görə,  Azər Qasımlı yalnız Qurbanəli Yusibovun sözləri üz-üzədir, bu sözlər əsasında həbs olunub və bu sözlər əsasında ittiham olunur: “Üstəlik Qurbanəli Yusibovun bu sözlərini təsdiq edəcək, hər hansı digər sübut da yoxdur. Məsələn, Azər Qasımlının hədə-qorxu gəlməsini göstərən səs yazısı, SMS-lər, sosial şəbəkədə və messencerlər üzərində aparılmış yazışmalar, yazılı faktlar, videosübutlar iş materiallarında yoxdur”.
Vəkil deyir ki, bu faktı, Qurbanəli Yusibovun sözlərini təsdiq edəcək sübut və şahidlərinin olmamasını Azər Qasımlının məhkəmə istintaqı zamanı verdiyi “Səni təhdid etdiyimi nə ilə sübut edə bilərsən?” sualına Qurbanəli Yusifov “sübut və şahidim yoxdur” cavabı ilə də təsdiq etdi: “Telefon vasitəsi ilə hədə-qorxuya gəldikdə isə təbii ki, danışıqları dinləmiş üçüncü şəxs olmadığı üçün bu hədələri eşitmiş və təsdiq edəcək şahidlər yoxdur. Həmçinin bu danışıqların audio yazısını da Qurbanəli Yusibov ibtidai istintaq zamanı təqdim edə bilməyib.
Müdafiə tərəfi ibtidai istintaq yekunlaşdıqda işlə tanış olandan üzü bəri Qurbanəli Yusibovun ifadələrinin mötəbər olmaması, ziddiyyətli olması, digər sübutlarla təkzib edilməsi barədə xeyli dəlillər irəli sürüb.
Qurbanəli Yusibov Azər Qasımlıya zərər vurduğunu və bu zərəri ödəməyə hazır olduğunu sonuncuya göndərdiyi səsli messajlarda da etiraf edir. Bu səs yazılarını diskdə ibtidai istintaqda işlə tanış olduqdan sonra təqdim etmişik, lakin ibtidai istintaq orqanı həmin səs yazılarını obyektiv qiymətləndirmədi. Məhkəmədə bu subutlara baxıldı və diskdə olan səs yazılarının mətni oxundu.
Məhkəmənin gedişində müdafiə tərəfi faktlarla sübut etdi ki, Qurbanəli Yusibov Azər Qasımlıya zərər vurmuş və onun qarşısında ən azından mülki məsuliyyəti yaranmışdı. Əgər Qurbanəli Yusibovun Azər Qasımlının ona etibar etdiyi 20.000 (iyirmi min) ABŞ dolları ilə necə rəftar etdiyi araşdıralarsa, hətta cinayət məsuliyyəti yarana bilər. Belə təqdirdə Qurbanəli Yusibovun bu məsuliyyətlərdən yayınmaqdan ötrü, Azər Qasımlı barəsində yalan ifadələr verməsi üçün ciddi səbəbləri var idi. Məhz bu səbəbdəndir ki, Qurbanəli Yusibov ona Azər Qasımlı tərəfindən hədə-qorxu gəlməsi barədə ilk şikayəti, iddia olunan hədə-qorxunun baş verməsindən dərhal sonra deyil, üstündən bir neçə il keçdikdən sonra, Azər Qasımlının Qurbanəli Yusibova qarşı mülki iddia qaldırmasından və Mingəçevir şəhər məhkəməsi tərəfindən 17 aprel 2024-cü ildə həmin iddianın təmin edilməsindən və tərəflər arasında mülki mübahisə məhkəmələrdə baxılmağa başlandıqdan sonra – 02 avqust 2024-cü ildə yazıb.
Bu səbəbdən Qurbanəli Yusibovun sözlərinin və ifadələrinin mötəbərlik dərəcəsi çox aşağı qiymətləndirilməlidir. Çünki, adamın məsuliyyətdən yayınması üçün yalan ifadə verməsi onun üçün zəruridir.
İttiham tərəfi iddia edir ki, Azər Qasımlı Qurbanəli Yusibova hədə-qorxu gələrək onu Azər Qasımlıya borclu olması və pulu hissə-hissə ödəməsi barədə yalan məzmunlu qəbzə imza etdirib. Qurbanəli Yusibov tərəfindən qəbz 22 yanvar 2022-ci ildə imzalanıb. Təqdim etdiyimiz sübutlardan görünür ki, Qurbanəli Yusibov bu tarixə qədər Azər Qasımlıya zərər vurduğunu qəbul edir, onun zərər çəkməsini istəmədiyini, zərəri hissə-hissə ödəməyə hazır olduğunu bildirir. İstintaqa təqdim olunan faktlar göstərir ki, Qurbanəli Yusibovun yazıb imzaladığı qəbz və həmin qəbzdə ifadə olunanlar iradəsi məcbur etmə nəticəsində yaranmayıb. Digər tərəfdən Azər Qasımlı ilk dəfə 09 dekabr 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilən zaman ona verilmiş ittihamın məzmununda qeyd edilmişdir ki,
“o, özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə 2022-ci ildən 2023-cü il tarixdək olan müddət ərzində tanıdığı Yusibov Qurbanəli Vidadi oğlundan ona verməli olduğu, həmin dövrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dollar pulun əvəzinə həmin dövrə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə 75.500 manat təşkil edən 45.000 ABŞ dollar pulu ilkin olaraq arvadı Qasımlı Samirə Vahid qızının Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsində yerləşən “Yasamal parkı” ilə üz-bəüz olan yaşayış binasında yerləşən ofisində tələb etmişdir”.
Göründüyü kimi istintaq orqanı da qəbul etmişdir ki, Azər Qasımlı Qurbanəli Yusibovun ona verməli olduğu pulu tələb etmişdir.
Hətta məhkəmə istintaqı zamanı Azər Qasımlının “Mən səndən şəxsi pulunu istəmişəmmi?” sualına cavab olaraq Qurbanəli Yusifov birmənalı şəkildə “Yox” cavabını verdi”.
Müdafiəçinin sözlərinə görə, Azər Qasımlı Qurbanəli Yusibovdan özünə vurulan zərəri və öz pullarını tələb edib: “2020-ci ilin may-avqust aylarında Azər Qasımlı Qurbanəli Yusibova 20.000 (iyirmi min) ABŞ dolları pulu (2020-ci ildə qiyməti hər biri 10.000 ABŞ dolları olan) iki bitcoin almaq üçün vermişdi. 2022-ci ildə ildə isə bir bitkoinin bazar dəyəri 35000 (otuz beş min) ABŞ dolları təşkil edib. Azər Qasımlı da, bir 10.000 ABŞ dollarını verdiyi pul kimi, digər 10.000 ABŞ dollarını isə bitcoin halında tələb edib. Beləliklə Azər Qasımlıya özgə əmlakını tələb etməklə ittihamın verilməsi açıq aşkar əsassızdır.
Qurbanəli Yusibov Azər Qasımlının onun yaxın qohumlarını öldürəcəyi, oğurladacağı ilə bağlı hədələdəyini bildirsə də, qeyd etdiyimiz və özünün də məhkəmədə etiraf etdiyi kimi bunu təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Əvəzində ibtidai istintaqa və məhkəməyə təqdim etdiyimiz sübutlardan görünür ki, Azər Qasımlı ona vurduğu zərəri ödəməsi üçün Qurbanəli Yusibova müəyyən təsirlər etməyə çalışıb. Lakin bu təsirlərin hamısı qanun çərçivəsində olub. Azər Qasımlı dəfələrlə yazaraq Qurbanəli Yusibovdan polisə şikayət edəcəyini və onu məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıq edib”.
Afət Abbasova
Gununsesi.info