Nəhəng şəxsiyyətləri unutmağa haqqımız yoxdur! - FOTO

  • By Günel
  • 06 Oktyabr 2024 17:35
Bu dəfə söhbət Xalq artisti, bəstəkar, professor Xəyyam Mirzəzadədən (5 Oktyabr 1935-30 iyul 2018) gedir.
Böyük sənətkarın bu fikirləri həqiqətən örnəkdir:
“Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır.
Konservatoriyada işləyəndə ərizə yazdım ki, noyabrın 1-dən işə çıxmayacağam. Ərizəni alan dedi, rektorla danışmısınız? Dedim, rektorla danışmaq nəyimə lazımdır? İndi deyirlər ki, gəlsə, götürərik. Bəs o vaxt heç olmasa konsultant saxlayardınız. Bu adamlar öz keflərindədir. Musiqi təhsili çox pis haldadır.
Özəl radio və televiziyalar mədəniyyətimizi dəfələrlə geri salıb. Televiziyalarda baxdığınız yas verilişləri biabırçılıqdır. Bu ağlayır, o ağlayır, o uşaq axtarır, bu oğul axtarır. Olmaz belə şeylər. Mən xarici kanallara baxıram, belə şey yoxdur. Yaxud kim istəyir, əlinə qələm götürüb musiqi yazır…
Mənim atam Hadı Mirzəzadə məşhur dilçi olub. Dil tarixinin Azərbaycanda əsasını qoyanlardan biri olub. Əfsus ki, indi yaddan çıxıb. Onun əsərlərini köçürüb alim olublar. Alimlərin əsərlərini köçürəndə heç olmasa ona istinad edərlər.
Mən ümumiyyətlə, yaradıcı təşkilatların funksionallığını görmürəm. İttifaq adama nə verir? İstər Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib”.
Allah rəhmət eləsin…
Etibar Əliyev
Gununsesi.info