“Nəqliyyatda vahid ödəniş sistemi istiqamətində addımlar atılır “ -ŞƏRH

“Bu birləşmədən sonra artıq sərnişinlər nəqliyyat növləri arasında keçidləri daha rahat və daha komfortlu şəkildə həyata keçirə biləcəklər”.

Gununsesi.info bildirir ki, bunu Bakı Metropoliteninin Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov “Trend”ə və ATV-yə verdiyi müsahibəsində deyib:

“Digər xarici şəhərlərdə də bu təcrübənin mövcud olduğunu bilirik. Orada həftəlik, saatlıq və aylıq paketlər tətbiq olunur.

Bu, həmin ödəniş həllərinin tətbiqinə başlanması üçün ilk addımlardan biridir. Gələcəkdə biz kompleks ödəniş sistemlərinin tətbiqi istiqamətində həllərə keçə bilərik. Bu, fərmanla Bakı Metropoliteninə tapşırılan “BakuBus” və “BakuTaxi” şirkətlərini əhatə edir.

“BakuBus” bildiyimiz kimi Bakı şəhərində bir çox marşrutları idarə edən, eləcə də Gəncə və Xankəndi şəhərində fəaliyyət göstərən dövlət şirkətidir. “BakuTaxi” isə sərnişinlərimizin London taksilərinə bənzədilən xüsusi taksi xidmətindən ibarətdir. Fərman bu sahələri əhatə edir.

Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətini davam etdirəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə “BakuBus” və Bakı taksi xidməti Bakı Metropoliteninin tərkibində birləşdirilib.

Şəbnəm

Gununsesi.info