
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda baş verən məşhur “Nərmin İşi” cinayəti üzrə növbəti məhkəmə prosesi baş tutub.
Gununsesi.info xəbər verir ki, prosesdə Tovuzun məhkəmə-tibb eksperti Nurlan Abbasov ifadə verib.
“Nərmin işi”ndə yanmış meyitlə bağlı rəy verdiyi üçün məhkəmədə dindirilən ekspert özünü ifşa edib.
Olayı müşahidə edən jurnalist Aytən Məmmədova yazır:
Yəqin bilirsiz, meyitin bir sıra hissələri kömürləşmə həddində yanıb, amma o hissədə sintetik paltarlar slamatdır, yanmayıb. Bu ekspert də deyir ki, ola bilər də, paltar yanmasın, amma o hissədə bədən yansın. Təsəvvür edirsiniz?!
Məhkəmədə bundan vəkil soruşdu ki, İlkini hardan tanıyırsan? Bilmədi ki, vəkil bu sualı niyə verir, dedi ki, polis şöbəsində görmüşəm. Ardınca ikinci sual gələndə sözünü dəyişməyə çalışdı, dedi ki, yox, polis şöbəsinə getməyib-filan. Amma gec idi, bütün zal eşitmişdi dediklərini…
Sən demə, İlkin Süleymanov həbs olunduğu ilk günlərdə bu adam onunla bağlı rəy verib ki, üzərində işgəncə izi – xəsarətlər yoxdur. Rəydə də yazılıb ki, guya İlkini ekspertiza şöbəsində müayinə edib. Özü öz dili ilə dedi ki, polis şöbəsində görmüşəm onu. İlkinin ekspertiza şöbəsinə aparılmadığını özü öz dili ilə təsdiqləmiş oldu.
Məhkəmədə İlkinin təcridxanadakı kamera yoldaşları dindirilmişdilər. Deyirdilər ki, onun üstündəki işgəncə izlərinin getməsi üçün bir ay yaralara maz sürtüblər. Ayaqlarının altındakı yaralardan gəzə bilmirdi.
Vəkillər bu ekspertə suallar verirdilər, çətinə düşən kimi deyirdi ki, “mən bu suala cavab verə bilmirəm”, “mən bu suala cavab verməkdən imtina edirəm”.
Gununsesi.info