Nəsiman Yaqublunun yalanları -Bəxtiyar Vahabzadə professorun 85 illik yubileyində necə iştirak edib?

Bu günlərdə saytların birində görkəmli tədqiqatçı alim, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinin qeyd olunmasının vacibliyi barədə maraqlı rəyləri oxuyub çox məmnun oldum.

Bundan əvvəl isə başqa bir saytda Nəsiman Yaqublu adlı müəllifin başqa bir yazısına rast gəlmişdim. “Şirməmməd müəllim məktəbi”ni təhrif edənlər, yoxsa dövrümüzün “şəfibəyçiləri” adlanan bu yazıdan  belə anlaşılırdı ki, müəllif özünü böyük alim və şəxsiyyət olan professor Ş.Hüseynovla eyni səviyyədə görür.

Həm də  hadisələri elə təqdim edir ki, guya bu adam ömürboyu Ş.Hüseynovla çiyin-çiyinə dayanaraq dağı-dağ üstə qoyub. Halbuki məlum çevrədə hamı hər şeyi, o cümlədən Ş.Hüseynovun adamlara olan əsl münasibətini də yaxşı bilir.

N.Yaqulu  özü də bunu gözəl bildiyindən Şirməmməd müəllimlə boy-boya dayanmağın xofundan qorxaraq böyük alimi şəxsiyyət edən parametrləri bir kənara qoyub onu öz kiçik ölçülərinə uyğunlaşdırmağa, “arxivdə işləyən” adam kimi təqdim etməyə çalışır.

Bu kontekstdə  “… professor Ş.Hüseynov öz zəhməti, bacarığı, arxiv və kitabxanalarda çalışması ilə hamımızın yaddaşında yaşamaqdadır” kimi mənasız cümlələr işlədir. Əlbəttə, zəhmət, bacarıq, arxiv və kitabxanalarda çalışmaq alim üçün adi tərzdir və heç kəsi xüsusi olaraq əbədiləşdirmir.

Amma arxivlərdə çalışıb Şirməmməd müəllim kimi ortaya qiymətli elmi əsərlər qoyduqa,  fəal vətəndaş mövqeyində dayandıqda, məslək adamı kimi mənəvi dəyərlər yaratdıqda sən yaddaşlara hopursan.

Arxiv materialları və dayaz düşüncə ilə manipulyasiyaya qurşandıqda  isə səni tamam başqa sahənin adamı hesab edirlər. 

Mən N.Yaqublunu yaxşı tanımıram, onun BDU-da tələbələrə nə öyrətdiyini də deyə bilmərəm. Yüngül bir araşdırma aparıb onun ortaya çıxardığı (tərtibçi olduğu halda özünü müəllif kimi göstərdiyi) kitablara nəzər yetirdikdə bir pintilik, səliqəsizlik və yayğınlıq diqqəti dərhal cəlb edir.  Elə adı çəkilən yazısında da o yeddi arxın suyunu bir-birinə qataraq nə demək istədiyini aydın ifadə edə bilmir.

Adam rabitəsiz cümlələri ilə özünü rinqdə aldığı zərbədən səntirləyən idmançı kimi aparır, sağa-sola ünvansız yumruqlar atır, ittihamlar səsləndirir, öz aləmində kimlərəsə hirslənir, kimlərdənsə gileylənir, kimləri isə hədələyir. Ən pisi odur ki, adamın cümlə qurmaq, məntiq və siyasi təfəkkür  baxımından əziyyət çəkdiyi aydın görünür.

Belə olmasaydı “… məktəbi təhrif edənlər” kimi qüsurlu ifadəni yazıb başlığa çıxarmaz, bir firqə daxilində parçalanma yaratmaq mənasını bildirən “şəfibəyçilik” anlayışını yersiz olaraq öz yazısına pərçim etməzdi.

Aşkarca hiss olunur ki, adamın M.Ə.Rəsulzadənnin “Şəfibəyçilik” əsərinin məzmunundan qətiyyən xəbəri yoxdur.

Bəlkə də bu məqamlara göz yumub N.Yaqublunun yazısına əhəmiyyət verməmək olardı. Amma burada elə faktik yanlışlıqlar, gerçəyi təhrif edən nüanslar var ki, onların üstündən keçmək olmur.

Məsələn, yazıda özünü qəhrəman kimi təqdim edən  N.Yaqublu yazır: “Bir dəfə isə biz dostlar olaraq (əsasən siyasilər) Şirməmməd müəllimin 85 illiyini qeyd etdik. Bakıdakı kafelərin birində bu tədbiri keçirdik. Kimlər yox idi bu mötəbər məclisdə?… Tədbiri aparmaq məsuliyyəti mənə tapşırıldı. İlk sözü xalq şairi Bəxtiyar Vahabzadəyə verdim. Bəxtiyar müəllim Şirməmməd müəllim haqqında  maraqlı bir çıxış etdi”.

Bax burada bizim həşəmətli “tarixçi-alim” saxtakarlıq edib yalan danışır. Ona görə ki, professor Ş.Hüseynovun 85 illik yubileyi 2009-cu il dekabrın ortalarında keçirilib, qüdrətli şairimiz B.Vahabzadə isə bu yubileydən hələ on ay əvvəl, 2009-cu il fevralın 13-də dünyasını dəyişmişdi və N.Yaqubluya da məlum olan səbəbdən həmin yubileydə iştirak edə bilməzdi.  

Bəs Nəsiman bəyə nə düşüb ki, o, yazısında belə cəfəngiyyat uyduraraq yaxın tariximizi saxtalaşdırır? Məncə, bunu anlamaq çətin deyil. Adam peşəkar elmi səviyyə baxımından ciddi şəkildə axsayır.  İndi təsəvvür edin ki, o, bəllli səviyyəsi ilə böyük M.Ə.Rəsulzadənin bioqrafiyasını yazır və Allah bilir, nə qədər yanlışlıqlara yol verir. 

Bəzi alimlər tədqiqat obyektinə çörək ağacı kimi, bəziləri də məslək məsələsi kimi baxır. N.Yaqublunun bunların hansından olduduğunu söyləmək çətindir.

O, özü yazısında and-aman edir ki, çap etdiyi kitablara görə pul qazanmır. Bu məsələdə yenə də dəxli olmadan Şirməmməd Hüseynovun adını çəkir, professorun mənəvi keyfiyyətlərindən danışıb özünü ona bərabər tutmağa çalışır.

Hətta bir az da kövrəlib guya ev üçün aldığı kreditdən kitab çapına xərclədiyini də deyir (inanmaq olarmı?!).

Sonra da kitab məsələsində bəzi qurumların ona yardım göstərdiyini etiraf edir, 1-2 xırda təşkilatın adını çəkir, amma nədənsə 2018-ci ildə BP şirkətinin onun Cümhuriyyət qurucuları haqqında tərtib etdiyi arayış tipli kitabını maliyyələşdirməsini “unudur”.

Yeri gəlmişkən BP şirkəti səxavət göstərərək N.Yaqublunun tərtibçiliyi ilə Teas Press nəşriyyatında çap olunmuş “Nizami Gəncəvi. Unudulmuş nəşrlər” (2021) kitabını da maliyyələşdirib.

Kitab əsasən  M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı məşhur əsərindən ibarətdir. Rəsulzadənin bu əsərini N.Yaqublu həmin il əvvəlcə “Qanun” nəşriyyatında çap etdirmişdir.

Bu kitab üçün maliyyəni imkanlı deputatlardan birindən alıb. Həmin maliyyənin təsiri o qədər güclü olub ki, Nəsiman bəy M.Ə.Rəzulzadənin ruhunu incitməkdən belə çəkinməyərək kitaba deputat adından  giriş məqaləsi də verib.

Bax bu yerdə Şirməmməd müəllim kimi məslək və mənəviyyat adamını xatırlamaq olardı, amma N.Yaqublu onu yox, BP şirkətini xatırlayır.

“Nizami ili”nin fəzilətindən istifadə edərək M.Ə.Rəsulzadənin Nizami haqqında əsərini təkrarən başqa yerdə nəşr etmək üçün onlardan maliyyə alır.

Kitablar bir-birinə oxşamasın deyə N.Yaqublu Teas Press nəşriyyatına verdiyi kitaba Nizami Gəncəvi haqqında 2-3 tədqiqat  da əlavə edərək ona başqa ad qoyur.

Əslində isə 564 səhifəlik bu kitabın 510 səhifəsini M.Ə.Rəsulzadənin məlum əsəri təşkil edir. Lakin kitabın çapından sonra məlum olur ki, əlavə edilən tədqiqatların heç birisinin Nəsiman Yaqubluya aidiyyatı yoxdur.

“Alim” qardaş bu məsələdə başqasının əməyini mənimsəmək yolunu seçmişdir. Məsələn, o, AMEA-nın Ədəbiyyat institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın transliterasiya edib çapa hazırladığı (Mirzə Məhəmməd Axundov. Şeyx Nizami. Bakı, Zərdabi LTD, 2017) tədqiqat əsərini olduğu kimi, yəni tam mətni, qeydləri, izahları, hətta orfoqrafik səhvləri ilə birlikdə köçürərək, heç bir mənbə göstərmədən, sanki öz tədqiqatı imiş kimi  kitaba (səh.65-85) daxil etmişdir.

Yalnız məsələnin üstü açıldıqdan və T.Bədəlovanın təkidli etirazlarından sonra nəşriyyat kitabın elektron versiyasında düzəliş edərək mənbəni və tədqiqatın müəllifini dəqiq göstərmişdir.

Yəni “elm fədaisi” və “məslək aşiqi” olması ilə qürrələnən, mərhum Şirməmməd Hüseynovun adını pərdə kimi istifadə etməyə çalışan Nəsiman Yaqublu davranış və mülahizələrində çox ehtiyatlı olmalıdır, çünki onun düşündüyü kimi meydan heç də boş deyildir…

 

 

Pərviz Həşimli 

Gununsesi.info