“Nə xilafət deyilik, nə imamət” - QÜDRƏT HƏSƏNQULİYEV PARLAMENTDƏ ÇIXIŞI ÜÇÜN İMKAN YARADILMAYAN MÖVZUNU AÇIQLADI

  • By admin
  • 01 Fevral 2022 19:24

Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə dini durumla bağlı çıxış etmək istəsə də sədarət ona imkan yaratmayıb. Qeyd edək ki, millət vəkili “Dini etiqad azadlığı haqqında” qanuna dair təkliflər səsləndirməli idi.

Gununsesi.info-ya açıqlamasında Qüdrət Həsənquliyev bu haqda danışıb:

“Bəli, çıxış üçün imkan yaradılmadı, yerdən söyləsəm də ki, müzakirə olunan layihə Konstitusiyaya açıq şəkildə ziddir və bu məsələ ilə əlaqədar çıxış edib düzəlişləri alqışlayanlardan fərqli fikir söyləmək istəyirəm, çox təəssüf ki, söz verilmədi. Milli Məclisin Daxili Nizamnaməsinin 13-cü maddəsinə görə müzakirələrdə çıxış etmək üçün israr edən deputatlara iclasa sədrlik edən tərəfindən söz verilməlidir. İnanmaq istəyirəm, Sədr günün ikinci yarısı Baltikyanı ölkələrə rəsmi səfərə getməsi səbəbindən vaxt qıtlığına görə söz vermədi. Başqa hallarda həmişə partiya sədrlərinə söz verib. Bu məsələdə də bunu edə bilərdi, nə isə… Ümid edirəm, ikinci oxunuşda çıxış etməyə imkan yaradarlar. Məsələnin mahiyyətinə gəldikdə, Konstitusiyamızın 18-ci maddəsinə görə, Azərbaycanda din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda Konstitusiyanın “Birləşmək hüququ” adlanan 58-ci maddəsinə görə, hər kəsin başqaları ilə birləşmək hüququ var. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 2-ci maddəsində ictimai birlik anlayışı aşağıdakı kimi verilir:

“İctimai birlik-təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır”.

“Dini etiqad azadlığı” haqqında Qanunun 8-ci maddəsinə təklif edilən dəyişikliyə görə islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin olunur. Baxmayaraq ki, Qanunun 5-ci maddəsində deyilir ki, dövlət dini qurumların işinə qarışmır. Qanunun 11.2.3-cü maddəsinə əsasən dini qurumun idarə olunması qaydası onun nizamnaməsi ilə müəyyən olunur. Bu necə dini qurumların işinə qarışmamaqdır ki, onun rəhbərini dövlət təyin edir. Göründüyü kimi, qanunla ictimai birliyin ÖZÜNÜİDARƏ hüququ Konstitusiya və qanunlarla tanınsa da və dinin dövlətdən ayrı olmasına dair KONSTİTUSİYADA düzünə göstəriş olsa da buna əhəmiyyət verilmir və düzəlişə əsasən, dövlət dini qurumlara rəhbər təyin edəcək. Qanunun 7-ci maddəsinə görə, “Dini ibadət yerinə və ziyarətgaha təyin edilmiş din xadimi tutduğu vəzifədən azad edildikdə, həmin vəzifəyə yeni din xadimi təyin olunanadək dini ibadət yerinin və ziyarətgahın dini icması öz dini fəaliyyətini dayandırır”. Deməli, hökumət rəhbər təyin etmirsə dini icma fəaliyyətini dayandırmalıdır. Bu hansı dərəcədə sivil dünyanın yaşam prinsiplərinə və məntiqə sığır?! Həm də yuxarıda qeyd etdiyim Konstitusiya norması ilə bütün dini etiqadlar bərabər elan olunsa da, təklif olunan yeni qaydalar yalnız islam dininə aid edilir. Həmçinin, Qanunun 9-cu maddəsində qeyd olunmasına baxmayaraq ki, “Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində-Qafqaz Müsəlmanları İdarəsində birləşirlər”, dini icma nizamnamələrinin dini mərkəzin nizamnaməsinə uyğun olmasına dair Qanunun 11.3-cü maddəsinin tələbi də aradan qaldırılır.

Dəyişiklikləri, əslində konstitusiya pozuntusunu, müdafiə edən bəzi şəxslər, təəssüf ki, hətta onların arasında hüquqşünaslar da var, başqa ölkələri, xüsusilə Türkiyəni nümunə çəkirlər, bu zaman Azərbaycan Respublikası ərazisində beynəlxalq hüquq normalarından da üstün hüquqi qüvvəyə malik ölkəmizin Konstitusiyasına əhəmiyyət vermirlər. Onu da nəzərə almırlar ki, biz Şərqdə ilk dünyəvi dövlət qurmağımızla hər zaman öyünmüşük, nə xilafət deyilik, nə imamət. Dəyişikliklərin dövlətimizin təhlükəsizliyi və digər ali məqsədlər naminə təklif edilməsinin bəyan olunması da nonsesdir. Bu məntiqlə və arqumentlərlə partiya sədrlərini də, QHT və medua rəhbərlərini də həmin qurumlarla işləyən dövlət orqanları təyin etməlidir. Konstitusiyanı heç bir halda pozmaq olmaz. Konstitusiyanın pozulması və dünyəvi dövlətçilik prinsiplərindən sapma vətəndaşlarımızın və ölkəmizin gələcəyi üçün daha ciddi təhlükələr vəd edir.

 

 

Gununsesi.info