Nəcməddin Sadıkovun oğlunun biznes ortağının ölkədən çıxışına qadağa qoyulur — SƏBƏB

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Akimov Kamal Akimoviç barəsində məhkəmə iddiası qaldırıb.
Gununsesi.info xəbər verir ki, məhkəmə iclasının bu gün – 13 iyul Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.

Qeyd edək ki, uzun illərdi mətbuatda barəsində iddia qaldırılan Akimov Kamal Akimoviçin Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır.

Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan “Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub.

Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 min 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodunu da Kamal Akimova məxsus olduğu bildirilən “Sterling Group” MMC tərəfindən inşa olunub.

“Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi “Keystone” MMC ilə eyni ünvanda – “Azure Plaza”da (Nobel pr. 15,  24-cü mərtəbə) yerləşir. Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də “Keystone” MMC-nin direktorudur. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında “American Sterling Group, İNC” adlı şirkət də təsis edib.

Bunlardan başqa 2016-cı ildə “Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda – Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində “Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub.

Gununsesi.info