Nədən Putinin yox, Trampın Qüdsü paytaxt kimi tanıması belə reaksiyaya səbəb oldu? - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 08 Dekabr 2017 17:26

ABŞ prezidenti Donald Trampın dünyanı silkələyən qərarından sonra indi hamını bir şey düşündürür. Tramp nədən indi belə bir qərar verdi və bunu zəruri edən amil nə idi? Bundan sonra Yaxın Şərqdə proseslər hansı məcrada inkişaf edəcək? Bu qərar Yaxın Şərqdə yeni müharibə ocağının yaranmasına səbəb olacaqmı? Trampın bu qərarı təkcə beynəlxalq aləm tərəfdən əks reaksiya ilə qarşılanmadı. Bu, eyni zamanda ABŞ və İsrailin özündə də birmənalı qarşılanmadı və məsələ ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

Trampın bu qərarının verməsini zəruri edən amilləri qeyd etməzdən öncə məşhur geostrateq Zbiqnev Bjezinskinin ölüm öncəsi Ağ Evin, xüsusən də Barak Obama dövründəki siyasəti ilə bağlı səsləndirdiyi bir fikrə diqqət yetirmək kifayət edər.

Obama dönəminin xarici siyasət kursunu tənqid edən Z.Bjezinski “Obamanın səhvi onda idi ki, onun xarici siyasəti sırf demokratik dəyərlər sisteminə əsaslanırdı. Tarix göstərir ki, normativ prinsip üzrə ABŞ-ın qlobal siyasətini qurmaq mümkün deyil. Praqmatizmlə isə ABŞ-ın xarici siyasəti daha da sərtləşəcək”.

Z.Bjezinski onu da əlavə edib ki, yəni bu sərt siyasət nəticəsində əsas rəqiblərini zəiflətmək taktikasını seçəcək. Bu bir daha göstərir ki, ABŞ dünyadakı hakim rolunu yenidən bərpa etmək üçün məhz bu sərt xarici siyasət kursunu seçib. Ağ Ev hesab edir ki, bu yolla ABŞ dünyanın istnilən bölgəsindəki maraqlarını təmin edib, öz təsir dairəsinə qaytara bilər və hamı ona hörmət edəcək. Onu etiraf etmək lazımdır ki, dünya ölkələri ABŞ-a etibar edib inanmasalar da, ondan qorxurlar. Hətta Çin və Rusiya kimi dövlətlər ABŞ-la açıq qarşıdurmaya getməkdən çəkinirlər.  Düzdür, Vaşinqton da bu ölkələrlə açıq konfrantasiyaya girməkdən ehtiyat edir. Lakin bununla belə Ağ Ev bu ölkələrlə sərt siyasi və sanksiya dili ilə onları istədiyinə tədricən vadar edir.

Burada digər bir məqam isə ondan ibarətdir ki, Ağ Ev sərt xarici siyasət kursu ilə öz iqtisadi vəziyyətini normallaşdırmağa çalışır.

İstər Şimali Koreya, istərsə də Yaxın Şərq böhranının səbəblərindən biri də Ağ Evin öz rəqiblərini zəiflətməklə, öz iqtisadi vəziyyətini normallaşdırmaqdır. Belə demək mümkünsə, Tramp seçkiöncəsi proqramını həyata keçirməklə məşğuldur. Şimali Koreya böhranı ilə Ağ Ev təkcə Çin və Rusiyanı küncə sıxıb istədiyini əldə etmir. Eyni zamanda Yaponiyaya da müəyəyn mesajlar verir. Qeyd edək ki, ondan öncə ABŞ Səudiyyə Ərəbistanı, Qətərlə çoxmilyardlıq müqavilələr imzaladı. Məhz bunun nəticəsidir ki, bu günlərdə açıqlanan məlumata görə, Tramp dönəmində ABŞ-ın gəlirləri 49 milyard dollar artıb.

Burada digər bir məqama da diqqət yetirmək lazımdır. Bu da ondan ibarətdir ki, bir həftə öncə Tramp son on illikdə ABŞ-ın Yaxın Şəqrdə 2 trilyon dollar xərclədiyini dilə gətirib. Tramp belə bəyanatları səsləndirməklə əslində dünyaya mesaj vermək istəyir ki, demokratik dəyərlər, beynəlxalq hüquq normaları və prinsipləri Ağ Ev üçün birinci məsələ deyil. Bu prinsiplər ikinci, üçüncü, hətta dördüncü yerdə dayanan məsələlərdir. Onun əsas hədəfi ABŞ-ın dünyadakı maraqlarını təmin etməkdir. Bunun üçün onun Səudiyyə Ərəbistanına səfəri zamanı etdiyi çıxışa diqqət yetirmək kifayətdir.

Trampın seçkiöncəsi NATO-nu lazımsız qurum hesab etməsi də məhz  ABŞ-ın bu təşkilat üzərindəki maliyyə yükünü yüngüləşdirməyə xidmət edən amillərdən idi və buna da nail olmaq istiqamətində işlər getməkdədir. O zaman sual oluna bilər ki, bəs Qüdsün paytaxt kimi tanınması ABŞ-a və Trampa nə verəcək? Bundan hansı dividentlər əldə ediləcək? Bir çoxları düşünür ki, ABŞ bundan ancaq itirəcək…

Bu arada, mövzu ilə bağlı belə bir sual da vermək olar ki, Trampdan öncə Rusiya prezidenti 2017-ci ilin aprelində Qüdsün bir hissəsini İsrailin paytaxtı olmasını dilə gətirib və tanıdığını deyib. Niyə o zaman belə səs-küy yaranmadı, indi başlayıb? Baxmayaraq ki, bu gün Rusiyanın Yaxın Şərqdəki mövqeləri heç də zəif deyil. Mövqeləri möhkəmlənmək də davam edir.

Əslində Tramp bu qərarı ilə bir daha dünyadakı mövqeyini möhkəmləndirməyə çalışır və Qüdsü bu anlamda ən ideal variant hesab edir. Onu da qeyd etmək lazımdır ki, kimsə hesab edirsə Ağ Ev bu qərardan geri çəkilə bilər, bu, yanlış düşüncədir. Çünki bu qərar Tramp və Ağ Ev üçün 1917-ci il Balfour Bəyannaməsi kimi önəmli bir qərardır. Ona görə də Ağ Evin geri çəkiləcəyi ağlabatan və inandırıcı deyil.

Trampın bu qərarı bir müddət onun ziyanına işləsə də, müəyyən müddətdən sonra hadisələr səngidikdən sonra  proseslər fərqli məcrada inkişaf edəcək.  Bugünkü gərginlik aradan qalxacaq. Ona görə ki, bu gün qaldırılan səs-küy byanatlardan uzaq getməyəcək. Yaranmış bu günkü gərginlik səngiyəcək. Sadəcə indiki  yaranmış məqamdan  bölgədə marağı olan ölkələr yararlanmağa çalışır.

Proseslər səngidikcə problemin siyasi danışıqlar yolu ilə həlli yenidən gündəmə gələcək. Çünki hərb yolu mümkün deyil.

Düzdür, onu da qeyd etmək lazımdır ki, bunun qısa zamandan sonra baş verəcəyini demək sadəlöhvlük olardı. Amma bu olacaq. Bax, o zaman Tramp planlarını reallaşdırmağa başlayacaq. Çünki Trampın ən əsas istəklərindən biri də İsrail-Fələstin münaqişəsini tənzimləməklə tarixə düşməkdir. Tramp hesab edir ki, bu yolla İsraili və Netanyahunu danışıqlar masası arxasına otuzdurmaqla münaqişənin həllində konkret nəticələr əldə etmək olar. Hətta bu zaman İsrailə qarşı da sərt siyasət taktikasından istifadə edə bilər. Tramp bu yolla Amerikanın dünyadakı moderatorluq rolunu bərpa etmək istəyir.

Mürtəza Bünyadlı

Gununsesi.info