Uzun illər Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində çalışmış və sonradan səfir kimi fəaliyyət göstərən Namiq Abbasov haqq dünyasına qovuşub.
Dünən Nardarandakı məzarlıqda dəfn olunan Namiq Abbasovla heç bir rəsmi vida mərasimi təşkil olunmayıb. Həmçinin, onun dəfnində Azərbaycan hökumətindən də heç kəs göz dəyməyib.
Sabiq nazirin yaxınlarının Gununsesi.info-ya verdiyi xəbərə görə, dəfndə ancaq Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavinlərindən biri iştirak edib.
Uzun illər Azərbaycanın xaricdəki səfiri kimi çalışsa da nədənsə XİN -dən də kimsə bu mərasimə qatılmayıb.
Nazirliyin mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkədə bir cümləlik başsağlığı qeydi yazmaqla kifayyətlənib.
Vaxtilə ilə Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu da hesab edir ki, keçmiş nazirlə rəsmi vida mərasimi təşkil olunmalı idi: “Mən də bu mənzərədən təəssüfləndim. Onun dəfninə bu cür münasibət anlaşılan deyil. Onunla vida mərasimi təşkil edilməli idi. Mən Namiq Abbasovu çox yaxından tanıyırdım. Namiq Abbasov hansısa yanlış fəaliyyətinə görə, vəzifədən kənarlaşdırılmamışdı. O, nazir müavini olduğu dövrdə mən MTN-də çalışırdım. Bizim şəxsi münasibətlərimiz vardı. Xüsusilə, 1993-cü ilin iyun qiyamı dövründə Namiq Abbasov nazir vəzifəsini icra edəndə çətin durumda idi. Çünki, əvvəl müavin olduğu dövrdə bir çox məsələlərdən kənarda qalmışdı. Birbaşa məcbur idi ki, əməliyyatçılarla işləsin. Onlardan biri də mən idim. Onu da deyim ki, 1994-cü ildə Namiq Abbasov Sürət Hüseynovun ikinci qiyam cəhdindən sonra məni MTN-nə xidmətə dəvət etmişdi. Ancaq bəzi siyasi səbəblərə görə mən bunu qəbul etmədim”.
Ərəstun Oruclu deyir ki, Namiq Abbasovun Azərbaycanın milli təhlükəsizliyi üçün çox ciddi çalışmaları olub: ” O, Heydər Əliyevin yaxın silahdaşı olub. Heydər Əliyev ömrünün sonuna qədər onu nazir kimi saxladı. Çünki, çox sədaqətli adam olub. Nazir postundan gedəndən sonra ona zəng edib, mənəvi dəstəyimi ifadə etdim. Bununla da Eldar Mahmudovun qəzəbinə gəldim. Zəngim təsadüfi deyildi. Başa düşürdüm ki, onun vəzifədən getməsi, Eldar Mahmudov kimi cılız bir adamın gəlməsi dövlət üçün hansı fəsadlar vəd edir. Təəssüf ki, bu pis ehtimallar da özünü doğrultdu”.
Elmar Elnuroğlu
Gununsesi.info