2024-cü ilin fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul ediləcək: “Yeni texnologiyaların hər zaman tətbiqinə üstünlük vermişik. İTV namizədlərin qatıldığı – “Diqqət mərkəzi – Seçki” verilişini sosial şəbəkə platformaları üzərindən yayımlayacaq. Bu da əlavə imkandır. Bunun üçün İTV rəhbərliyinə də təşəkkür edirik. Artıq İTV-də mövzular da razılaşdırılıb. Namizədlər də razılaşdırılmış mövzular ətrafında debatlara çıxacaq. İctimai Televiziya və Radio Yayımı Şirkətində namizədlərə 1 saatlıq efir vaxtı veriləcək. Püşkatma Komissiyası artıq 2 gün bundan öncə formalaşdırılıb. İndi namizədlərin ardıcıllığını müəyyənləşdirəcəyik”.
O diqqətə çatdırıb ki, namizədlər seçki elan olunandan özləri barədə sosial şəbəkə hesablarından məlumat paylaşır: “Sosial şəbəkələr əvvəlcədən namizədlərin istifadəsində olan vasitə idi”.
Gununsesi.info