
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub.
Milli Məclisin deputatı Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında Avropa İttifaqının bu qərarının Azərbaycanla Ermənistan arasında sülhə xidmət etmədiyini vurğulayıb.
Deputatın sözlərinə görə, Ermənistanı silahlandırmaq əvəzinə sülhə təşviq etmək lazımdır: “Artıq müharibə bitib, Qarabağ problemi deyə bir mövzu masada yoxdur. Nəzəri cəhətdən desək belə, hətta Ermənistana müttəfiq ölkələr, qurumlar belə bunu etməsi doğru deyil. Ermənistan müharibəni uduzub, bu ölkənin hərbi-siyasi vəziyyəti o yerdə deyil ki, yenidən Azərbaycanla müharibə etsin. Həm də Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyün tanıyır. Bunu Paşinyanın dilindən ən mötəbər tribunalardan eşitmişik. Ermənistanda Köçəryan -Sarkisyan dəstəsindən başqa heç kəs Qarabağ haqqında düşünmür. Ona görə də Avropa İttifaqı doğru qərar vermir. Hesab edirəm ki, bu cür qərarlar sülh prosesini əngəlləyir. Ona görə də mən bunu qətiyyətlə pisləyirəm”.
Elmar
Gununsesi.info