Naqif Həmzəyev: Bakıda parklanma qiymətləri endirilməlidir

Paytaxtda avtomobil parklanması ilə bağlı yeni qaydalar sosial etirazlara səbəb olub.

Belə ki, qiymətlərin kifayət qədər baha olması insanların narazılıq yaradıb. Hətta bir neçə gün əvvəl Milli Məclisin deputatı Naqif Həmzəyev də bu barədə parlamentdə çıxış edib.

Deputat deyib ki, avtomobil parklanması üçün vətəndaşın iş yerinin yanında bəzən 8-10 manat ödəməsi tələb olunur. Bu isə ölkədəki minimum əmək haqqına bərabər məbləğə gəlib çıxır.

Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev paytaxtdakı durumla bağlı vəziyyəti şərh edib:

“”AzParking” tərəfindən Bakı şəhərində vətəndaşların parklanma xidmətinin yaxşılaşdırılması məqsədilə xüsusi tədbiq hazırlanıb. Bu tətbiq vasitəsilə vətəndaşlar parklanma müddətini idarə edə bilir və ödənişləri həyata keçirir.

Eyni zamanda, sms vasitəsilə ödənişlərin əl çatan olması vətəndaşların işini asanlaşdırır. Sürücülərin bəziləri smartfon telefonlardan istifadə etmir və ya  internetə çıxışları olmur. Bu halda, sms vasitəsilə ödənişin edilməsi vətəndaşların işini daha da asanlaşdırır.

Ümumilikdə “AzParking” tərəfindən tətbiq edilən bu qaydalar yaxşıdır. Ancaq vətəndaşları narahat edən bəzi məsələlər var.

İlk növbədə işləmək üçün və ya hər hansı bir işini həll etmək üçün şəhərin bir hissəsindən digər hissəsinə gələn sürücü bəzən 5 – 6 saat, bəzən də 10 saat avtomobilini parklamaq məcburiyyətində qalır.

Belə olduğu təqdirdə isə vətəndaş hər saat üçün eyni məbləği ödəyir. Nəticədə parklanma üçün vətəndaş gün ərzində 8-10 manat, bəzən daha çox ödəniş etmək məcburiyyətində qalır.

Təklif edirəm ki, əgər vətəndaş bir yerdə uzun müddət avtomobilini park edirsə, ona müvafiq güzəştlər tətbiq edilsin.

Məsələn, 3 saata qədər əgər 3 manat ödəyirsə, 3 saatdan sonra müəyyən güzəştlər edilə bilər ki, onun xərci eyni yerdə saxladığı halda, 5 manatı keçməsin. Düşünürəm ki, belə olacağı təqdirdə, vətəndaşlar artıq buna etiraz etməz və asanlıqla bu vəsaiti ödəmiş olar.

Eyni zamanda vətəndaşlar öz evlərinin yanında bəzən park yeri tapmaqda çətinlik çəkir və məcburiyyətdən ödəniş edir.

Xüsusilə, axşam saat 22:00-dan səhərə qədər parklanma pulsuzdur.

18:00-da işdən çıxıb evinə gələn vətəndaş məcbur saat 22:00-a qədər yenidən parklanma üçün ödəniş etməli olur. Bu da istər-istəməz vətəndaşların haqlı narazılıqlarına gətirir.

Bu məsələni müəyyən dərəcədə həll etmək olar.  Axşam saat 20:00-dan sonra ödənişsiz parklanma üçün vətəndaşlara şərait yaradılsa, çox yaxşı olar.

Bilirik ki, istirahət günləri parklanma ödənişsizdir. Ancaq parklanma günü “AzParking”-ə məxsus olmayan və parklanma xidməti təklif edən bəzi şəxslər peyda olur və vətəndaşlardan vəsait yığır.

 

Gecə saatlarında pulsuz müddətdə vətəndaşlar həmin şəxslərə ödəniş etmək məcburiyyətində qalır.

Düşünürəm ki, bu məsələlər öz həllini tapsa, yaxşı olar.

Nəticə etibarilə ərsəyə gətirilən bu xidmət əlçatan olar və vətəndaşlar tərəfindən daha çox dəstəklənər.

Ümumilikdə isə bu xidmət həm parklanmanın, həm də tıxac probleminin müəyyən dərəcədə öz həllini tapmasına dəstək olmaqdadır.

Ümid edirik ki, qiymətlər ilə bağlı müəyyən güzəştlər tətbiq edilsə, bu xidmət hər kəs tərəfindən dəstəklənəcək”.

 

Şəbnəm

Gununsesi.info