
“Ədliyyə Nazirliyinin Azərbaycanın radikal müxalifət partiyalarını da qeydiyyata alması bu günə qədər hakimiyyətə qarşı aparılan kampaniyaları alt-üst etdi. Yeni “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra bəzi partiyalar, xüsusilə həmin radikal partiyalar və bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda guya siyasi partiyaların sıradan çıxarılması kimi bir kampaniya başlatmışdılar, ancaq Ədliyyə Nazirliyin bu qərarı göstərdi ki, ölkədə yeni dövrün tələblərinə uyğun bir sistem yaradılır. Partiyaların hər biri qanunun tələb etdiyi formada üzvlərinin reyestrə daxil edilməsi ilə qeydiyyatdan keçdilər”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda yenilənən “Siyasi partiyalar haqqında” qanun bir sıra boşluqları da aradan qaldıracaq:
“İndiyə qədər bəzi insanlar var idi ki, bir necə partiyanın üzvü idilər. Ancaq bu qanundan sonra həmin şəxslərin reyestrdə anket məlumatları onların konkret bir partiyanın üzvü olduğunu göstərmiş olacaq.Bu həm də bir necə partiyaya üzv yazılan adamların məqsədlərinin də qarşısını almış oldu. Yeni qanun bu boşluqları aradan qaldıracaq”.
Mais
Gununsesi.info