Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsi””nin müzakirəsi olub.
Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı Gəncədən seçilən deputat Naqif Həmzəyev hesabatla bağlı bir sıra fikirlər səsləndirib.
Cəzaçəkmə müəssisələrində vəziyyət barədə danışan deputat bildirib ki, bu müəssisələrdə vəziyyət xeyli yaxşılaşıb. Deputat qeyd edib ki, Lənkəranda cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Onun sözlərinə görə, 2025-ci ildə Gəncədə də cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək.
N.Həmzəyev vətəndaşların mülkiyyət hüququ ilə bağlı yaradılan bəzi problemlərə öz iradını bildirib. O qeyd edib ki, vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. “Vətəndaşların mülkiyyət hüququ bəzi məmurlar tərəfindən pozulur. Məsələn, keçmiş icra başçısının sərəncamı əsasında torpaqlar verilib, yeni başçı və yaxud məmur baxır ki, bu torpaq istifadəsizdir, ya onun sahibi xaricdə olduğu üçün istifadə etmir. Görürlər ki, sahibi yoxdur, sərəncam dəyişdirilir və başqa şəxsə satılır. Problem ortaya çıxanda isə təkrarən həmin şəxsə satılır”, – deputat bildirib.
Deputat qeyd edib ki, qalib Azərbaycanın məmurları da dəyişməlidir: “Vətəndaşların hüquqları bu məsələdə pozulmalı deyil. Bu, istər-istəməz vətəndaşları bizə qarşı soyudur. Bu məsələləri lazımi dairələrə çatdırmaq lazımdır ki, məmurlar qorxub çəkinsinlər. 7-8-i həbs olundu, təəssüflər olsun ki, bəs etmir, bu yolu davam etdirirlər. Bu bizə yaraşmır, dəyişməliyik”.
Deputat həmçinin ipoteka kreditlərinin verilməsi şərtlərinə də toxunub.
N.Həmzəyev vurğulayıb ki, ipoteka kreditlərinin verilməsində şərtlər daha da yumşaldılmalıdır. “Universitetdə 15 il çalışan, elmi dərəcəsi olmayan müəllimlərədə ipoteka verilməlidir”, – deyə o bildirib.
Gununsesi.info