
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək, məhkəmədən müvəkkilləri barəsində tibbi ekspertizanın təyin edilməsini istəyiblər. Vəsatətlər təmin edilib.
Vəkil Yalçın İmanov şahiddən Nardaranda keçirilmiş əməliyyat zamanı polislərdə qumbara olub-olmadığını soruşub. E.Tağıyev isə qumbara olmadığını qeyd edib. “Məndə qoruyucu jilet vadı, digərlərini isə bilmirəm”, – deyə, o əlavə edib.
Fasilədən sonra davam etdirilən prosesdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Hikmət Əliyev ifadə verib.
O, Nardaranda keçirilən əməliyyat haqqında danışıb.
Təqsirləndirilən şəxslər bildirib ki, onlar Hikmət Əliyev tərəfindən təziqlərə məruz qalıblar. Lakin Hikmət Əliyev təqsirləndirilən şəxslərin dediklərinin əsasız olduğunu bildirib.
Məhkəmə növbəti iclası avqustun 31-nə təyin edilib.
Gununsesi.info