“Nardaran işi” üzrə saxlanılanlar: “Bizə işgəncə verilir” - YENİLƏNİB

  • By admin
  • 24 Avqust 2016 17:54

taleh

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər – Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Gununsesi.info  xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Elçin Tağıyev ifadə verib. O, Nardaranda keçirilən əməliyyat haqda danışıb.

Məhkəmənin növbəti iclası avqustun 25-nə təyin edilib.

***

14:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov sualları cavablandırıb.
Təqsirləndirilən şəxslər Aqil İsmayılov, Cabbar Cabbarov, Zakir Mustafayev İslam Ağabəyov tərəfindən işgəncəyə məruz qaldıqlarını deyiblər.
Lakin İslam Ağabəyov deyilənləri təkzib edib. Bildirib ki, onlar öyrədilmiş ifadələr veriblər.
İclasda təqsirləndirilən Abbas Hüseynovla İslam Ağabəyov arasında mübahisə yaranıb. A. Hüseynov onu hədələyib, İ. Ağabəyov isə buna etiraz edib. Bu zaman təqsirləndirilən şəxslər və onların prosesdə olan qohumları da İ. Ağabəyova etiraz ediblər. Hakim isə proses iştirakçılarına və zalda oturanlara xəbərdarlıq edib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Gununsesi.info