Natəvanın 190 illiyi ilə bağlı qızıl sikkə kolleksiyası

  • By admin
  • 18 Oktyabr 2022 19:09

“AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkə kolleksiyası satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “oxu.az”-a “AzerGold”dan məlumat verilibb.

Məlumata görə, yeni kolleksiya Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın 190 illiyinə həsr olunub. Qızıl məhsullarının üzərində şairənin həyat və yaradıcılığına dair elementlər təsvir edilib.

Sikkənin mərkəzində Xurşidbanu Natəvanın külliyyatını simvolizə edən açılmış kitab və şairənin məşhur “Qərənfil” rədifli qəzəlini təcəssüm etdirən gül ləçəkləri dizayn edilib. Şairənin doğulduğu evin pəncərələri kompozisiyanın yuxarı hissəsində, tağların üzərindəki naxışlar müvafiq olaraq sikkənin yarımperimetri üzrə əks olunub. Gül naxışları isə sözügedən təsviri və bir hissəsi ədibin poeziyasını ifadə edən lələkdən formalaşmış “190” rəqəmini haşiyəyə almaqla kompozisiyanı tamamlayır. Sikkə nümunəsi şeir sənəti ilə yanaşı, rəssamlıq, tikmə sənəti, musiqi kimi incəsənətin digər sahələri ilə məşğul olmuş, şairəliyi ilə yanaşı, nəcib və xeyirxah əməlləri ilə tanınmış Xurşidbanu Natəvana xalqımızın verdiyi böyük mənəvi dəyəri ifadə edir.

Yeni məhsullar Cəmiyyətin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən ilk satış və mübadilə mərkəzində və onlayn satış platforması www.azergold.gift vasitəsi ilə alıcılara təqdim edilir.

Gununsesi.info