Natiq Cəfərli: “Həbsim kimi həbsdən çıxmağım da çox gözlənilməz oldu” -MÜSAHİBƏ

  • By admin
  • 10 Sentyabr 2016 20:16

natiq

“REAL” Milli Şuranın mitinqinə qatılmayacaq

HTML tutorial

 

4 həftə əvvəl gözlənilmədən həbs olunmuş “REAL” hərəkatının rəhbərlərindən biri Natıq Cəfərli dünən artıq azadlığa buraxılıb. Onun istər həbsi, istərsə də azadlığa buraxılması ictimaiyyətdə birmənalı qarşılanmır. Bu səbəbdən Natiq Cəfərli Gününsesi.info-ya müsahibəsində hər iki olayla bağlı detalları tam açıqlayıb:

Natiq bəy, həbsiniz və həbsdən buraxılmağınız gözlənilməz oldu. Sizcə, bu arqument azlığından irəli gəldi, ya beynəlxalq təşkilatların basqısının nəticəsiydi?

– Təbii ki, həbsim mənim üçün doğurdan da çox gözlənilməz oldu. Çünki öncədən heç bir çağrış, heç bir istintaq hərəkatı aparılmadan həbs olundum. Hansı maddələrlə ki, mənə iş açılmışdı, o işin təhqiqatı 2015-ci ildə başa çatmışdı, iş bağlanmışdı, akt tərtib olunmuşdu. Mənim ölkədən çıxmağıma görə qoyulmuş qadağa da üzərimdən götürülmüşdü. Hətta, qanunsuz sahibkarlıqla bağlı maddə versələr də, vergi ilə bağlı maddə verə bilməmişdilər. Çünki vergi borcum yox idi. Əlimdə Vergilər Nazirliyinin sənədi var ki, mənim borcum yoxdur. Birdən-birə həmin istintaq işini yenidən qaldırmaq absurd idi. Yaşadığım evin düz qarşısında bazarlıq edib axşam evə gələrkən həbs edildim. Sonra məni məhkəməyə gətirdilər və barədəm 4 aylıq həbs qətimkan tədbiri seçildi. Həbsim kimi həbsdən çıxmağım da çox gözlənilməz oldu. Ən maraqlı o oldu ki, dünən günorta ilk dəfə olaraq həyat yoldaşım yanıma gəlmişdi. Onunla görüşəndə demişdim ki, narahat olmasın, ola bilsin, bu proses uzun çəksin, ona görə möhkəm olsun, uşaqlara diqqət yetirsin və sair… Mən daha çox həyat yoldaşımı görmək istəsəm də, onun həbsxanaya gəlməsini istəmirdim və bunu onun nəzərinə çatdırdım. Bu hadisələrin hamısı dünən günorta baş verib. Axşam isə həbsxananın işçiləri qaldığım kameraya gəldilər və dedilər ki, əşyalarını topla. Hesab etdim ki, məni başqa bir kameraya köçürürlər, yerimi dəyişirlər. Çünki bu bir ay ərzində bir neçə dəfə yerimi dəyişdirmişdilər. Buna etiraz etdim və qaldığım kameranı tərk etmədim. Çünki bu, psixoloji təsir vasitələrindən biridir. Sonradan müəssisənin rəis müavini gəlib dedi ki, məni rəis yanına çağırır. Onun yanına getdim. Rəis otağında həbsdən çıxmağımı elan etdilər. Doğrusu buna inanmadım. Düşündüm ki, bu yolla məni başqa yerə – şəraiti ağır olan bir yerə köçürmək istəyirlər. Vəkilimin gəlməsini tələb etdim. Qırx dəqiqə sonra vəkilim Cavad Cavadov gəlib hər şeyi deyəndə inandım ki, qərar verilib və məni bu gün azad edəcəklər. Mənim həm həbs olunmağım, həm də azadlığa çıxmam çox qəribə oldu.

Ev dustaqlığına buraxılmağınız mövqeyinizdə dəyişiklik yaradacaqmı? Yoxsa, köhnə ampulada höküməti əvvəlki tək tənqid etməkdə davam edəcəksiz?

– Mənim mövqeyimdə heç bir dəyişiklik baş verməyəcək. Əslində, psixoloji baxımdan çoxdan özümü belə bir hadisənin baş verməsinə hazırlamışdım. Biz hansı ölkədə yaşadığımızı, hansı qaydalarla idarə olunduğumuzu çox yaxşı bilirik. Siyasi fəaliyyətlə məşğul olan, ciddi tənqidi mövqe ortaya qoyanların həmişə həbs olunmaq təhlükəsi var. Bir daha qeyd edirəm ki, həbsin işimə ciddi bir təsiri olmayacaq. Əvvələr Natiq Cəfərli necə idisə, bundan sonra da belə olacaq. Mövqeyimi davam etdirəcəm, iqtisadiyyatla bağlı açıqlamarımı və fikirlərimi ictimaiyyətlə bölüşəcəm.

Həbsdə olduğunuz dörd həftə ərzində müdafiəniz üçün nələrə nail oldunuz?

– Həbsdə olduğum bu bir ay müddətində müraciət etmədən 7 vəkil könüllü şəkildə mənim müdafiəmə qoşuldu. Artıq həbsin qanunsuzluğu və girovla bağlı məhkəmə prosesləri yekunlaşıb. Hazırda vəkillər qanunsuz yerə həbs olunmağımla bağlı sənədləri hazırlayırlar. Bununla bağlı yaxın vaxtlarda Avropa məhkəməsinə müraciət olunacaq və hüquqi müstəvidə həbsin qanunsuzluğunun hesabı sorulacaq.

Sizə rəisin otağında “azadsınız” deyiləndə nə düşündünüz? Növbəti oyun ya qələbə?

– İlk dəfə rəisin otağında mənə “azadsınız” deyəndə inanmadım. Bununla bağlı şüphələrim də vardı. Hətta, məni inandırmağa belə çalışırdılar. İlk ağlıma gələn o oldu ki, məni şəraiti daha ağır bir yerə aparmaq istəyirlər. Əslində o an ağlıma müxtəlif fikirlər gəldi. Ta vəkil gələnə kimi. Həbsdən çıxmağım mənim üçün nə qələbə, nə də məğlubiyyətdir. Ola bilər ki, atdıqları addımın çox səhv olduğunu və bununla nə siyasi, nə də ictimai mövqeyimdə ciddi bir dəyişikliklər olmayacağını düşünərək, ya da “ziyanın yarısından qayıtmaq da bir xeyirdir” prinsipini əldə rəhbər tutaraq bunu etdilər. Amma ən azında bunu nə qələbə, nə də məğlubiyyət saymıram. Sadəcə azadlıqda olmağım ictimai fəaliyyətlə məşğu olmağım üçün mənə daha çox imkan yaradır, nəinki dəmir barmaqlıqlar arasında. Əslində bu mənim üçün bir təcrübə oldu. Həm düşünmək, həm də müəyyən planlar qurmaq üçün. Ümumiyyətlə gələcək fəaliyyətimin hansı yöndə davam etdirməyim üçün bir müddət idi. Sadəcə olaraq onu düşünürəm ki, bu başladığımız yolun davamıdır. Necə başlanılıbsa, o cür də davam edəcək.

“REAL” sizin həbsinizdən sonra referendiumla bağlı anti-təbliğat qurupunda iştirakdan imtina etdi. Davam edəcəksiniz, ya qərar dəyişməyəcək?

– Artıq bununla bağlı qərar verilib. Bizdə qərarı idarə heyəti verir. Referendiumla bağlı təşviqatın aparılması artıq gecdir. Hazırda təşviqat başlayıb referendiumun keçirilməsinə sayılı günlər qalıb. Hüquqi cəhətdən buna qoşulmaq mümkün deyil. Çünki qeydiyyatdan belə keçməmişik. Düşünürəm ki, “REAL” tərəfindən bunda imtina olunması doğru bir qərar idi. Bununla bir daha həm dünya, həm də ölkə ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq imkanları məhdudur, sıfır dərəcəsindədir. Əgər həbslər varsa, aqressiya varsa, o zaman hansı təbliğatdan, hansı siyasi fəaliyyətdən danışmaq olar. Düşünürəm ki, bu da etirazın bir formasıdır.

Milli Şuranın sabahki mitinqində iştirak edəcəksinizmi? Ya bununla bağlı təklif almısınızmı?

– Sabahkı mitinqdə iştirak etməyəcəm. Çünki “REAL” hərəkatının qərarı var ki, ancaq özünün təşkil etdiyi aksiyalarda iştirak edək. Hazırda bu mitinqdə iştirakla bağlı “REAL”ın qərarı yoxdur. Vətəndaşlar iştirak edə bilərlər. Şəxsən mən bu mitinqdə iştirak etmək fikirim yoxdur və təklif də almamışam. Ümumiyyətlə insanların referendiumla bağlı ilkin bilgiləri sıfır səviyyəsindədir. Hansı proseslər gedir, hansı dəyişikliklər olacaq, bunu bilmirlər. Düşünmürəm ki, çox qısa bir zamanda bununla bağlı ciddi ictimai şüurda dəyişikliyə nail olmaq olar. Azərbaycanda seçki sisteminin hansı vəziyyətdə olduğunu nəzərə alaraq düşünürəm ki, bu dəyişikliklər qəbul olunacaq.

Anar

Gününsesi.info