Natiq Cəfərli: “İlin sonuna yaxın 1 dollar 1.95 AZN-ə qədər artacaq”

  • By admin
  • 12 Sentyabr 2016 17:21

natiq

Ötən ildən başlayaraq, Azərbaycanda yaranan böhranlı vəziyyət getdikcə dərinləşir. Bu il ötən dövrlə müqayisədə iqtisadi göstəricilər də xeyli aşağı düşüb. Tikinti və nəqliyyat sektorlarında xidmət və məhsul istehsalı azalıb. Xarici borcumuz da ölkədə işsizlik səviyyəsi də artıb. Əvvəlki tək ixracımızda neft və qaz əsas yer tutur. Qeyd edək ki, 21 dekabr devalvasiyasından sonra Azərbaycanda ən çox müzakirə edilən məsələ manatın məzənnəsinin bundan sonrakı taleyi ilə bağlıdır. İctimaiyyəti hazırda ən çox düşündürən sual da elə budur – manatı nə gözləyir?

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya bildirib ki, həm beynəlxalq aləmdə, həm daxildə gedən iqtisadi proseslər manatla bağlı çox ciddi təhdidlərin hələ də mövcudluğunu göstərir: “Yerli istehsal olmadığına görə, xaricdən idxaldan tam asılılığımız, məzənnə dəyişiklikləri ilə nəticələnəcək və dünyadakı qiymətlərdən asılı olacağıq. Dünya bazarında neftin ucuzlaşması, qiymətlərdəki ziqzaqvari dəyişikliklər səbəbindən neft sektorunda hasilat aşağı düşüb. Bu,  Azərbaycan üçün əlavə problemlər yaradıb. Təssüflər olsun ki, Azərbaycan dünya bazarına çıxarıb sata biləcək məhsul istehsal etmir ki, bu satışdan əlavə valyuta qazansın. Hətta buna indidən başlasaq belə Azərbaycana bir neçə il lazımdır ki, hər hansı bir sahədə ciddi uğur qazanıb ölkəyə valyuta gətirən iqtisadi sahə yaratsın. Ona görə də manata təzyiqlər ciddi şəkildə davam edəcək. Beynəlxal aləmdə baş verən iqtisadi proseslər də buna öz mənfi təsirini göstərəcək. Mən proseslər deyərkən, ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabrın sonunda uçot dərəcəsinin artırılıb-artılmamsı ilə bağlı keçirəcək növbəti iclasını nəzərdə tuturam”.

N. Cəfərlinin sözlərinə görə, əgər FES uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edərsə, o zaman bu manata əlavə təzyiq yaradacaq və manatın dəyərdən düşməsi davam edəcək. İqtisadçı-ekspertin fikrincə, manatla bağlı hökumət əvvəlki formada devalvasiyaya getməyəcək:

“Çünki iki dəfə kəskin devalvasiya getdi və bunun acısını Azərbaycan iqtisadiyyatı hələ də çəkir. Hesab edirəm ki, hökumət gündəlik məzənnənin dəyişdirilməsi şəklində – təqribən ilkin hədəf kimi 1 dollar 1.65 AZN həddində saxlayacaq. Yaxın günlərədə biz bunun şahidi olacağıq. İlin sonuna yaxın 1 dollar 1.95 AZN-ə qədər artacaq, manatın dəyərdən düşməsi prosesi davam edəcək”.

N. Cəfərli “Sizcə,Azərbaycanda “Holland sindromu”nun ilk əlamətləri görünməkdədirmi” sualına cavab olaraq isə bildirib ki, klassik anlamda Azərbaycanda “holland sindromu” mövcud deyil. Çünki “Holland sindromu” özü belə iqtisadi katiqoriyadır. “Holland sindromu”nun məğzi ondan ibarətdir ki, yerli istehsal kifayət qədər rentabelli olmur və xaricdən gətirilən məhsullar daha sərfəli olduğuna görə, yerli istehsalı bazardan sıxışdıraraq sıradan çıxarır və onun yerini tutur. Azərbaycanda ümumiyyətlə, yerli istehsal olmayıb. Demək olar ki, bütün iqtisadiyyat ancaq neft faktoru üzərində qurulub. Ona görə də klassiq anlamda Azərbaycanda “holland sindromu” mövcud deyil. Amma “Holland sindromu”nun kifayət qədər əlamətləri və sindromları var. Sadəcə milli valyutanın devalvasiyaya uğraması bu sindromları sındırdı. Çünki “Holland sindromu”nun ən böyük göstəricilərindən biri milli valyutanın dəyər qazanmasıdır ki, bunu da biz 2015-ci ildə arxada qoyduq”.

Anar

Gununsesi.info