İqtisadçı Natiq Cəfərli Bakıda tıxac probleminin kosmetik tədbirlərlə həllinin mümkün olmadığını bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o qeyd edib ki, problemin fundamental həlli üçün ilk növbədə ictimai nəqliyyat əlçatan, sürətli və komfortlu olmalı, şəhərin nəqliyyat yükü azaldılmalı, yol infrastrukturu təkmilləşdirilməlidir.
“Ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var, amma heç kim məsuliyyət daşımaq istəmir”, – deyə Cəfərli vurğulayıb.
İqtisadçı Bakıda çevik iş saatlarının tətbiqi ilə bağlı təklifə də münasibət bildirib.
Onun fikrincə, ilk baxışdan məntiqli görünən bu yanaşmanın praktikada tətbiqi ciddi problemlər yarada bilər.
Cəfərli hesab edir ki, çevik iş saatlarının tətbiqi əsasən dövlət-büdcə təşkilatlarında mümkün ola bilər. Özəl sektora, xüsusilə kiçik dükan, kafe və restoranlara belə bir tələbin qoyulmasının doğru və real olmadığını bildirib.
O, həmçinin işləyən valideynlərin qarşılaşa biləcəyi problemlərə diqqət çəkib:
“İşləyən valideynlər uşaqlarını məktəbə qoyub sonra işə gedirlər. Məktəblər saat 8-də başlayır. Valideynə desələr ki, iş saatı 07:00-da və ya 10:00-da başlayacaq, o zaman nə etsin?”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda uşaqların məktəbə təhlükəsiz və sistemli şəkildə daşınmasını təmin edən genişmiqyaslı “SchoolBus” sistemi yoxdur. Bundan başqa, hər zaman ailələrin evlərinə yaxın məktəbdə yer tapması da mümkün olmur.
“Yəni iş qrafiki məsələsini çox həssas və nöqtəli şəkildə müəyyənləşdirmək lazımdır. Bu da özlüyündə tıxac və ictimai nəqliyyatda sıxlıq problemini aradan qaldıran əsas amil olmayacaq”, – deyə Cəfərli bildirib.
Elmar












